BAKI, 6 noyabr — Sputnik. Türkiyə Super Liqasındakı uğursuz çıxışlarına görə istefa verməyə hazırlaşan "Fənərbağça"nın baş məşqçisi Aykut Kocamanın yerinə kimin gələcəyi ilə bağlı maraqlı iddia ortaya atılıb. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, "Fənərbağça"lı menecerlərin çoxu klubun prezidenti Aziz Yıldırıma Fatih Terimi komandanın başına gətirmək üçün təzyiqlər edir.
Fatih Terimin "Qalatasaray"da əfsanələşdiyini deyən A.Yıldırımın bu transferə müsbət baxmadığı bildirilir. Aziz Yıldırım və yaxın ətrafı Terimin özünün bu təklifə müsbət cavab verməyəcəyini düşünürlər.
Xatırladaq ki, Türkiyə millisi və "Qalatasaray"-ın unudulmaz məşqçisi Fatih Terim, illər öncə mətbuata açıqlamasında deyib ki, o Türkiyədə "Qalatasaray"-dan savayı heç bir klubu çalışdırmayacaq.