BAKI, 2 oktyabr — Sputnik. İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Səfərov tutulub. Polis onun üzərindən 2 kiloqram 412,51 qram marixuana aşkar edərək götürüb.
Yevlax RPŞ-nin əməkdaşları isə Yuxarı Qarxun kənd sakini Emin Salahovdan 436,12 qram marixuana, Cəlilabad RPŞ-nin əməkdaşları şəhər sakini Həmid Sadıqovdan 0,701 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 475 qram tiryək aşkar edərək götürüblər.
Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Yalama dəmir yolu stansiyasının ərazisində, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Balamirzə Musayevdən 20,814 qram marixuana aşkar edərək götürüblər. Seyidli kəndi ərazisindəki sahədən isə kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu aşkarlanıb.
Qazax RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevin Xanlıqlar kəndi ərazisində gözətçi işlədiyi və yaşadığı kafedəki otağına baxış zamanı oradan 2 kiloqram 503 qram marixuana, habelə Ağstafa çayının sahilində kultivasiya yolu ilə yetişdirdiyi 14 ədəd çətənə kolu, Goranboy RPŞ-nin əməkdaşları Xoylu kənd sakini Seyrəddin Əliyevin evinə baxış zamanı 87 ədəd çətənə kolu aşkar edərək götürüblər.
DİN-in statistik məlumatlarına görə, bu ilin birinci yarımili ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1 608 cinayət aşkarlanıb. Onlardan 435 fakt narkotiklərin satışı ilə bağlıdır. Bu işlə məşğul olan 82 nəfərdən ibarət 34 qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 603 kiloqram narkotik vasitə çıxarılıb.
Göstərilən dövrdə narkotiklərlə bağlı 1 302 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 1 167 nəfər heç yerdə işləmir və təhsil almayıb. 513 nəfəri isə əvvəllər məhkum edilib. Onların 20-si qadındır.
Xatırladaq ki, prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" ilə bağlı sərəncamına əsasən Cinayət Məcəlləsinin 234.1 maddəsinin (satış məqsədli olmayan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanması) dekriminallaşdırılması məsələsi müzakirəyə çıxarılıb.
Deputatlara narkotik istifadəçilərinin cinayət məsuliyyətindən azad edilməsi, onların xəstə kimi qeydiyyata alınması və müalicəyə göndərilməsi təklif edilib. Lakin CM-nə təklif edilən bu dəyişiklik qəbul edilməyib.