Hafiz Səfixanov: “Azərbaycanın elə bir rayonu yoxdur ki, orada minadan zərər çəkmiş kimsə olmasın”
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mina qurbanlarına və digər müharibə əlillərinə iqtisadi imkanların yaradılması” adlı layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Sputnik Azərbaycan-a deyir ki, mina qurbanlarına hüquqi, psixoloji yardımlar göstərilməlidir: “Artıq bir neçə ildir ki, iqtisadi imkanların artırılması layihəsi həyata keçirilir. Layihə Azərbaycanın 3 rayonunda həyata keçirildi. Azərbaycanda olan mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər mina qurbanlarının sayından 2 dəfə çoxdur”.