İlqar Vəlizadə: “Ermənistan heç vaxt Qərbə inteqrasiya olunmayacaq”
Rusiya və Ermənistan prezidentlərinin son görüşündən hansı siyasi nəticələri gözləmək olar. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ mövzusu mühüm yer tutur: “Bu dəfəki danışıqlarda da Dağlıq Qarabağ münaqişəsi prioritet mövzu olacaq. Ancaq son vaxtlar görünən odur ki, Ermənistan Rusiyanın bölgədə apardığı siyasətdən narazıdır. Narazılığın da səbəbi odur ki, son vaxtlar Rusiya Azərbaycana yüksək miqdarda və keyfiyyətdə silahlar satır. Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif cəhdlər göstərsə də bu tendensiyanı sındıra bilməyiblər”.
“Son vaxtlar Ermənistan hərbi-siyasi rəhbərliyinin qərblə, xüsusən də NATO ilə sıx münasibət qurmağa çalışdığı görünür. Amma bunlar əbəs yerə atılan addımlardır. Çünki həm Rusiyada, həm də Ermənistanda anlayırlar ki, Ermənistan heç vaxt qərbə inteqrasiya olunmayacaq. Bunun üçün nə şərait, nə də hüquqi baza mövcuddur. Bu görüşdə Qarabağla bağlı hansısa qərarların qəbul olunması gözlənilmir. Rusiya Azərbaycanla daha çox məsələləri müzakirə edir” – deyə o bildirib.