İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 18 avqust — Sputnik. Bakı şəhərində Botanika bağının yaradılması haqqında təkliflər ilk dəfə 1930-cu illərdə irəli sürülüb. O zamankı proqrama görə, Bakı şəhəri iri neft sənayesi şəhəri və respublika paytaxtı kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi.
Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Qafqaz filialının Azərbaycan şöbəsinin botanika bölməsində P.V.Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olunur və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlayır.
1934-cü ilin iyul ayında Bakının dağlıq hissəsində xüsusi olaraq ayrılmış sahədə Botanika İnstitutunun və Botanika bağının (2000-ci ildən Mərkəzi Nəbatat Bağı adlanır) özülü qoyulur.
O gündən bu günə qədər bağ inkişaf etdirilib, yenilənib, böyüyüb. KİV-də zaman-zaman Nəbatat bağı haqqında müxtəlif məlumatlar yer alsa da, demək olar ki, həmin məlumatların əksəriyyəti reallığı əks etdirmir və bu sahədə məlumatsızlıq var. Bu məlumatsızlığı qismən də olsun aradan qaldırmaq üçün ötən gün yolumuzu Nəbatat bağından saldıq. Direktor Vahid Fərzəliyevlə bağı gəzə-gəzə söhbət etdik. Problemlərdən, yeniliklərdən danışdıq. Vahid Fəzrəliyev bütün suallarımızı səmimi şəkildə cavablandırdı:
— Nəbatat bağı 41, 3 hektar ərazidə, dəniz səviyyəsindən 100-130 metr yüksəklikdə yerləşir. Bağın yerləşdiyi ərazi şəhərin ən hündür, ən uğurlu yerində olsa da, bu ərazi həmişə suyun az olduğu ərazilərdən olub. Biz bağı içməli su ilə suvarırıq. Bağın suvarılması üçün suvarma suyu lazımdır. Bu eyni zamanda iqtisadi baxımdan sərfəlidir. Bununla da biz içməli suya da qənaət etmiş olarıq. Ancaq təəssüflər olsun ki, bu gün biz bütün bağın suvarılması üçün ancaq içməli sudan istifadə edirik. Bu da işimizdə müəyyən çətinliklər yaradır.
— Bəzən mətbuatda Nəbatat bağında ağacların kəsilməsi, bağın məhv olması haqqında xəbərlər yer alır.
— Təbii ki, bağ ictimailəşdikcə müəyyən problemlər olacaq. Bizim mətbuatla həmişə yaxşı əlaqələrimiz olub. Çalışırıq ki, Nəbatat bağında görülən işlərlə bağlı ictimaiyyəti həmişə məlumatlandıraq. Bəzən görürsən ki, bitkilər haqqında az məlumatı olanlar bağın hansısa bir ərazisində quru budaqları və yaxud yarpaqları çəkib sosial şəbəkələrdə yayırlar ki, bu da vətəndaşlarda müəyyən çaşqınlıqlar yaradır. Bilirsiz, bu bağ xalqın sərvətidir. Və mən deyərdim ki, çox qiymətli sərvətidir. Burada çalışanların böyük əksəriyyəti ömrünü bu işə həsr edən insanlardır. Kollektivimizin böyük əksəriyyəti öz işini bilən və sevən yaradıcı insanlardır. Şəxsən mən 21 yaşımdan burada fəaliyyətə başlamışam. Keçən illərin çətinliklərini də çox yaxşı xatırlayıram. İldən ilə infrastrukturda müsbətə doğru dəyişikliklər edilir. Beynəlxalq təcrübələrdən daha çox yararlanmağa çalışırıq. Bir neçə il öncə mən ABŞ-nın Missuri Botanika Bağında olarkən məlum oldu ki, bağa kömək edən könüllülərin sayı orada çalışan işçilərdən çoxdur. Bağın inkişafı üçün hər birimizin müəyyən bir töhfəsi olmalıdır.
Nəbatat bağı, mən deyərdim ki, müxtəlif profilli müəssisədir. Burada elmi tədqiqat işləri ilə yanaşı botanika elminin təbliğinə geniş yer verilir. Müxtəlif təhsil müəssisələrindən buraya yüzlərlə tələbə, məktəbli gəlir. Ekskursiyalar, təcrübə işləri aparılır. Nəbatat bağı insanların istirahəti üçün də gözəl bir məkandır. Çalışırıq ki, burada insanlar təbiətlə ünsiyyətdə ola bilsinlər. Tələbəsi, jurnalisti, dövlət qurumları… Hamı çalışmalıdır ki, bağ yaşasın, inkişaf etsin.
— Bağa istirahətə gələnlər buranı çirkləndirirmi?
— Belə hallar olur. Xüsusən də valideynlər daha çox diqqətli olmalıdırlar. Çünki körpələri təbiətə sevgi ruhunda böyütməsək, gələcəkdə hər birimiz bunun ziyanını çəkəcəyik. Təmizlik sağlamlıqdır və eyni zamanda xoş əhval-ruhiyyə yaradır. Hər kəs təbiətin qədrini bilməlidir, nəinki onu çirkləndirməlidir.
— Hazırda bağda hansı işlər görülür?
— Bağın kolleksiyası ildən ilə zənginləşdirilir. Son illərdə dərman bitkiləri kolleksiyasının yaradılması və çoxaldılması istiqamətində işlər aparılır. Çalışırıq kolleksiyada kənd təsərrüfatı əhəmiyyətli bitkiləri də artıraq. İndi kolleksiyada pambıq, darı, sorqo kimi bitkilər də yetişdirilir. Bu il dünyada iqtisadi baxımdan innovativ bir bitki olan adəm ağacının yüzlərlə şitilləri yetişdirilib. Bütün bunlar elmi tədqiqat işləri ilə yanaşı maarifləndirmə məqsədilə də həyata keçirilir.
— Mətbuatda bəzən bağın satıldığı, zəbt olunduğu barədə məlumatlar yer alır. Vahid müəllim, bu məlumatlarda həqiqətin payı nə qədərdir?
— Nəbatat bağı qanunvericiliklə xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir. Xüsusi mühafizə olunan təbiət ərazisi təbii sərvət olduğundan heç vaxt satıla bilməz. Bunu birdəfəlik bilməliyik. Əksinə, ölkəmizdə botanika bağlarının sayının artırılması prioritet məsələlərdəndir. Bizim müxtəlif regionlarda, iri şəhərlərimizdə yeni-yeni bağların yaradılmasının vaxtı artıq çatıb. Biz bu işdə lazımi qurumlara dəstək olmağa həmişə hazırıq.
— Bildiyimə görə, bağın qayda-qanunları var…
— Bağda nizam-intizam və davranış qaydalarına əməl olunması çox vacibdir, bitkiləri dərmək, sındırmaq, hovuzları zibilləmək, çirkləndirmək qəti qadağan edilib. Ərazi böyük olduğundan bəzən müəyyən neqativ hallara rast gəlinir. Biz çalışırıq belə hallar olmasın və burada xüsusi mühafizə olunan ərazi rejimi qorunsun.