Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 3 avqust — Sputnik. 2017-2020-ci illər ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2,06 dəfə artacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatlarının həcmi 5,757 mlrd. dollara çatacaq. 2016-cı ilin sonuna Mərkəzi Bankın balansında olan valyuta ehtiyatlarının həcmi 3,974 mlrd. dollar olub. S&P-nin mütəxəssisləri AMB-nin valyuta ehtiyatlarının 6,287 mlrd. dollara, 2020-ci ilin sonuna 7,223 mlrd. dollar, 2021-ci sonuna isə 8,192 mlrd. dollara çatacağını proqnozlaşdırır.
Qeyd edək ki, cari ilin iyulun 1-nə AMB-nin valyuta ehtiyatları 4 mlrd. 964,1 mln. dollar təşkil edir.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, Azərbaycanda böyük iqtisadi dəyişikliklərin nəticəsi kimi önə çıxacaq bir proqnoz deyil: "Maliyyə bazarında sabitliyin bərpa olunması və saxlanılması üçün Dövlət Neft Fondundan 7,5 milyard manatlıq bir transfert həyata keçirilməsi haqqında qərar verilib. İndiyədək 2,2 milyard manata yaxın transfert artıq Dövlət Neft Fondundan Mərkəzi Banka ötürülüb. Bu da Mərkəzi Bankın bu ilin ilk 6 ayında ehtiyatlarının 8 milyard dollara yaxın artmasına səbəb olub".
"Bundan sonra yerdə qalan 5 milyarddan yuxarı məbləğ də Mərkəzi Banka keçirilsə, bunun nəticəsi olaraq Mərkəzi Bankın ehtiyatlarının artması ehtimalı var. Bu transfert 1 illik nəzərdə tutulan qərar deyil. Ümumiyyətlə, gələcək illərdə, yəni, 2018-2019-cu illərdə də bu transfertlər həyata keçirilə bilər. Yəni, bunun nəticəsi olaraq Mərkəzi Bankın ehtiyatlarının artması ehtimalı var" — mütəxəssis bildirib.
Onun sözlərinə görə, əvvəllər neft qiymətlərinin yüksək və manatın sabit olduğu vaxtlarda Mərkəzi Bankın ehtiyatları orqanik şəkildə artırdı və pik nöqtəsi 2014-cü ildə 15,8 milyard dollar idi: "Sonradan devalvasiyaların qarşısını almaq üçün, ilkin aylarda 10 milyarda yaxın vəsait xərclənib. Amma bu da bir nəticə verməyib və Azərbaycan manatı dəyərdən düşüb".
"İndi maliyyə sabitliyi üçün Dövlət Neft Fondundan 7,5 milyard manatlıq vəsaitin Mərkəzi Banka köçürülməsi nəzərdə tutulub və bu, hissə-hissə köçürülür. Mərkəzi Bankın ehtiyatlarının artması və göstəricilərinin yaxşılaşdırılmasının əsas səbəbi məhz Neft Fondundan olan transfertlərin hesabınadır. Təəssüf ki, orqanik və təbii iqtisadi aktivliyin artması nəticəsində Mərkəzi Bankın ehtiyatlarının artmasını müşahidə etmirik" — deyə N. Cəfərli bildirib.
Ekspertin fikrincə, "Standard & Poor`s"un proqnozlarında bəzi detallar da var ki, ciddi araşdırılmalıdır: "Burada həm neftin qiymətləri, həm də Azərbaycanın qaz bazarına çıxması məsələsi var. 2018-ci ildə Azərbaycan Türkiyəyə, 2020-ci ildə isə Avropaya qaz satmağa başlayacaq. Bu gün də Türkiyəyə qaz satır, amma onun həcmi artacaq. 2018-ci ilin sonunadək Türkiyəyə əlavə olaraq 6 milyard kubmetr qaz satmaq planlaşdırılır. 2020-ci ildən sonra Avropaya 10 milyard kubmetr qaz satılması planlaşdırılır".
İqtisadçının qənaətincə, burada neftin və qazın qiymətinin hansı səviyyədə olması önəmli rol oynayacaq: "Bu proqnozun özünü doğrultması üçün neft qiymətlərinin ən azından indiki səviyyələrdə qalması, 50-60 dollar civarında olması, qazın qiymətlərinin isə ən azı hər min kubmetrə görə 200-250 dollar civarında olması lazımdır".
"Bunu isə indidən demək çox çətindir. Çünki, neft bazarında da çox maraqlı proseslər gedir, qazın qiyməti isə birbaşa neftin qiymətlərindən asılıdır. Yəni, neft bazarında təlatümlər davam etsə, bu proqnoz özünü doğrultmaya bilər" — Cəfərli əlavə edib.
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə, Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, "böyük ehtimalla, agentliyinin məlumatında AMB-nin valyuta ehtiyatlarının artacağı proqnozu yeni qaz yataqları ilə bağlıdır. O, sırf Mərkəzi Bankın fəaliyyəti nəticəsində ehtiyatlarının artması üçün heç bir əsas görmür.
"Ölkəmizin valyuta ehtiyatları bütövlükdə Mərkəzi Bankın deyil, Neft Fondunun ehtiyatlarına bağlıdır. Çünki, həmin ehtiyatlar Mərkəzi Bankın ehtiyatlarından 9 dəfə çoxdur. Onların da hesabına Mərkəzi Bankın ehtiyatları arta bilər. Ola bilər, reytinq agentliyinin proqnozları özünü doğrultsun və AMB-nin valyuta ehtiyatları artsın" — Həsənov vurğulayıb.