İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 19 iyun — Sputnik. Oğuz rayonunun Xalxal kəndinin adı çoxumuza tanışdır. Bura həm də turistlərin ən çox üz tutduqları məkanlardandır. Təbiət mənzərələri, yaşıl meşələr görənləri valeh edir. Amma bu yaşıllığa qənim kəsilənlər var.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yol boyu gözlə görünən mənzərə insanı şoka salır. Kəsilmiş ağacların hələ yarpaqlarının qurumaması meşəyə qənim kəsilənlərin iç üzünü göstərir. Naməlum şəxslər, səbəbi bilinmədən dağ döşündəki ağaclara divan tutur, təbiəti talan edirlər.
Sakinlər, əslində belə mənzərə ilə tez-tez rastlaşdıqlarını və artıq heç bir qurumun buna məhəl qoymadığını vurğulayırlar. Ağaclara, nəticədə ekologiyaya balta vuranlar sakinlərin narazılığına səbəb olub. Yol kənarında onlarla kəsilən ağacların kötüyü isə vəziyyətin ciddiyyətindən xəbər verirdi.
Məsələ ilə bağlı Xalxal kənd bələdiyyəsinə müraciət etdik. Hər halda, bu dağlardan gələn motorlu mişarın səsini eşitməmək qeyri-mümkündür.
Ərazidə olduğumuz zaman ağacların kəsilməsi faktının araşdırılması ilə bağlı tədbirlərə başlandığını öyrəndik. Kəndin bələdiyyə sədri Nəriman Ramazanov bildirdi ki, dağ əraziləri meşəbəyiliyə aiddir. O, ancaq bələdiyyəyə məxsus olan ərazilərə cavabdeh olduğunu və ancaq bu ərazilər barədə məlumat verə biləcəyini qeyd etdi. Bununla yanaşı, bələdiyyə sədri problemlə bağlı artıq məsul orqanların məlumatı olduğunu və yerli ekologiya idarəsi tərəfindən baxış keçirildiyini də vurğuladı.
Məsələ ilə bağlı Meşə Mühafizəsi və Bərpası İdarəsi ilə əlaqə saxladıq. Baş meşəçi Asim Cumayev bildirdi ki, meşə fonduna aid olan ərazidə qanunsuz ağackəsmə faktı aşkar olunub və hazırda cavabdeh şəxslər barəsində müvafiq sənədləşmə işləri aparılır.
O, günahkar şəxslərin barələrində ən ciddi intizam tədbiri görüldüyünü, onların tutduqları vəzifədən azad edildiklərini qeyd etdi: "Yeni kəsilmiş ağaclarla bağlı yenidən reyd keçirilib və aidiyyatı sənədləşmə aparılaraq hüquq mühafizə orqanlarına verilməsi təmin ediləcək".
Amma ağacların hələ solmayan yarpaqları onu göstərir ki, aidiyyatı qurumların araşdırma apardığı müddətdə belə, ağaclar kəsilir. Buna görə də, ağac kəsənlərin kim olduğu mütləq müəyyən edilməlidir. Əks halda onlar təbiətə qarşı soyqırımı davam etdirəcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məsələ ilə bağlı komissiya yaradılıb və komissiya üzvləri əraziyə göndərilib: "Hazırda araşdırma aparılır, araşdırmanın nəticələri barədə məlumat veriləcək".