BAKI, 27 aprel — Sputnik. "Bəzi layt siqaretlərin üstündə nikotinin az olması barədə məlumatın yazılması tütünə qarşı mübarizədə problem yaradır və bunların insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib. Komitə sədri bildirib ki, dünyada tütünlə mübarizəyə qarşı hazırlanan qanunlarda birdən-birə sərt tədbirlər nəzərdə tutulmur.
"Birdən-birə sərt tədbirlər həyata keçirməyin nəticəsinin olacağına inanmıram. Dünyada siqaret istehsal edən ölkələr tütünə qarşı mübarizəyə başlayanda məhsullarını digər ölkələrə göndərirlər. Ölkəyə gətirilən siqaretlərin keyfiyyəti də müzakirə edilməlidir" — deyə o, qeyd edib.