BAKI, 11 apr — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa Seyminin sədri Marek Kuçinski ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, M. Kuçinski Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Görüşdə qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və Polşa prezidentlərinin hamısı Bakıda olub.
M. Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd edib.
Nazir E. Məmmədyarov isə Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir M. Kuçinskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.