Hərbi ekspert Üzeyir Cəfərli “Sputnik”ə açıqlamasında bildirib ki, yaxın zamanda biz bu danışıqların nəticəsini görəcəyik: “Səudiyyə Ərəbistanı dünyanın aparıcı hərbi sənaye gücünə malik ölkələrindən biridir. Onun müdafiə sahəsinə ayırdığı vəsaitlərin sayı 100 milyard dollara çatır. Azərbaycanın da hərbi sahədə imkanlı ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığın konturlarını cızdığı üçün müdafiə naziri bu ölkədə həm rəhbərlik, həm müdafiə sahəsinə cavabdeh şəxslərlə danışıqlar aparıb. Düşünürəm ki, yaxın zamanlarda biz bunun konkret praktik nəticələrini görəcəyik”.
“Böyük ehtimal ilə Azərbaycan Səudiyyə Ərəbistanından öz müdafiə və təhlükəsizliyini gücləndirmək məqsədilə müəyyən avadanlıqlar və hərbi təyinatlı məhsullar əldə edəcək. Düşünmürəm ki, burada hansısa ağır texnika olsun, amma müasir tələblərə cavab verən avadanlıqlarla bağlı danışıqlar baş tutub və yaxın zamanlarda iki ölkə arasında bu istiqamətdə hüquqi bazanı təşkil edəcək sənədlərin hazırlanması və imzaya təqdim edilməsi prosesi baş tutacaq” — deyə o bildirib.