BAKI, 4 apr — Sputnik. Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
"Birgə səylərlə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığı bundan sonra da aktiv inkişaf etdirəcəyimizə əminəm. Bu, dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir.
Ötən 25 ildə Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan ənənəvi dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub. Məzmunlu siyasi dialoqun, aktiv parlamentlərarası və regionlararası əməkdaşlığın əsası qoyulub. İqtisadi-ticarət, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında təmaslar genişləndirilir.
Moskva ilə Bakı aktual regional və beynəlxalq məsələlərin həllində səylərini koordinasiya edir, beynəlxalq strukturlar çərçivəsində faydalı tərəfdaşlıq edir. Sizə möhkəm can sağlığı və uğurlar, Azərbaycan vətəndaşlarına rifah və firavanlıq arzulayıram".