BAKI, 17 mart — Sputnik. İranın Məşhəd şəhərində, Hicri təqviminə görə ilin son çərşənbə gecəsi hesab edilən Qırmızı çərşənbəni (Çərşənbeyi-Suri) qeyd edən insanlara qeyr-adi cəza kəsilib. Belə ki, bayrama qatılan bəzi iranlılara küçəni təmizləmək cəzası verilib.
Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, hökumət bu cəzaya səbəb kimi ictimai asayişin pozulmasını göstərib. "İfrat dərəcədə səs-küy olur, insanlar narahat olur, fişənglər və gurultulu partlayıcı maddələrdən istifadə edirlər. Bu, qəbuledilməzdir" — şəhər rəhbərliyi açıqlama verib.
Məşhəd prokuroru, bu il nəzarətə alınan şəxslərin gələn il eyni vaxtda yenidən nəzarətə alınacaqlarını və bayram bitənə qədər göz altında tutulacaqlarını açıqlayıb. İranın "Təsniyə" xəbər agentliyinin məlumata görə, bu il sözügedən bayram qeyd olunarkən üç nəfər həyatını itirib, 2351 adam isə yaralanıb.