Elxan Şahinoğlu: “Bölgədə gərginlik artsa, BMT reaksiya verməli olar”
BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. Təşkilatın baş katib Antonio Qutyerres bildirib ki, bu kimi münaqişələrə dair istifadə olunan “dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır.
Politoloq Elxan Şahinoğlu deyir ki, BMT baş katibinin bu açıqlaması təşkilatın münaqişənin həllində aktivləşəcəyinə təminat vermir: “25 il ərzində məsələ BMT-də qaldırılmağa çalışılsa da, təşkilat həmişə bu məsələnin həllini ATƏT-ə həvalə edib. Bu, bütün baş katiblərin dövründə belə olub. İndiki baş katibin də fərqli siyasət yürüdəcəyini düşünmürəm”.
“Mən o qədər də optimist deyiləm ki, BMT-nin bu məslənin həllində ciddi şəkildə çalışacağını düşünəm. Amma ola bilər ki, bölgədə gərginlik artsa, lokal toqquşmalar geniş miqyaslı hərbi əməliyyatlara keçsə, istər-istəməz BMT-də bu prosesə bu və ya digər şəkildə reaksiya verəcək” — deyə o bildirib.