BAKI, 15 dek — Sputnik. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) ölkələrinin idman yarışları keçirilə bilər. Sputnik-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib.
"İdmanı da əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik. GUAM-a üzv ölkələrin baş nazirlərinin gələn ilin əvvəlində görüşü keçiriləcək. Baş nazirlərin görüşünün Kiyevdə keçirilməsi nəzərdə tutulub", — Məmmədyarov deyib.
Nazir qeyd edib ki, bəzi ölkələr, o cümlədən Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşir: "Təhlükəsizlik məsələləri GUAM ölkələrinin rəhbərlərinin bəyanatlarında əksini tapıb. Azərbaycanın və digər ölkələrin ərazi bütövlüyü bərpa edilməlidir".
O bildirib ki, GUAM-a üzv ölkələrin iqtisadi potensialı inkişaf etdirilməlidir: "GUAM ölkələrinin yerləşdiyi coğrafiya imkan verir ki, nəqliyyat potensialından da istifadə edək".
Nazir əlavə edib ki, GUAM, quruma üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib: "Bu təşkilat, həmçinin üzv ölkələrin ərazisində mövcud münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır".