BAKI, 17 noy — Sputnik. Almaniyada bu ay ilk dəfə Schlesvig-Holstein əyalətində meydana çıxan "quş qripi"nin ölkədə yayıldığı və bəzi dövlətlərin bu ölkədən quşçuluq məhsullarının idxalını dayandırdığı bildirilir. Sputnik haberler-ə istinadla xəbər verir ki, Mecklenburg-Vorpommern əyalətinin kənd təsərrüfatı naziri Till Backhaus "quş qripi"nin ölkənin beynəlxalq ticarətinə mənfi təsir etdiyini, quşçuluq müəssisələrin zərərlərinin minimum səviyyədə olması üçün səy göstərdiklərini söyləyib.
Almaniyalı nazir indiyədək Yaponiya, Cənubi Koreya, Hong Kong və Bosniya-Herseqovinanın Almaniyadan quşçuluq məhsullarının idxalını dayandırdıqlarını qeyd edib. Bildirilib ki, Almaniyanın Peine bölgəsindəki Eixer gölündə ölü tapılan bir çöl ördəyində "quş qripi"nə səbəb olan H5N8 virusu aşkarlanıb. Bu bölgədə təxminən 50 quşçuluq müəssisəsi var.
Almaniyanın Kənd Təsərrüfatı Nazirliyi "quş qripi"nə görə heyvanların qapalı yerlərdə saxlanmasının zəruri olduğunu söyləmişdi.