Qabil Hüseynli: Vaşinqton istəyir ki, Türkiyə Rusiyanın sözü ilə oturub-durmasın
Siyasi elmlər doktoru, professor Qabil Hüseynli hesab edir ki, Türkiyənin Suriya siyasəti anlaşılmaz məcraya yönəlib. "Çünki, əvvəl başqa mövqe tuturdu və o mövqedə ABŞ ilə ittifaq ön planda idi. İndi isə bir başqa mövqe tutmağa başlayıb. Vaşinqton istəyir ki, Türkiyə Rusiyanın sözü ilə oturub-durmasın və Vaşinqtonla səmimi əməkdaşlıq həyata keçirsin. Demirəm ki, Türkiyə qeyri-səmimi hərəkətlər edir, amma hər halda ABŞ-a belə görünür ki, onun Rusiya ilə yaxınlaşması Suriyada şübhəli əlaqələrə yol aça bilər", — o, Sputnik-ə açıqlamasında deyib.
Siyasi şərhçi Türkiyənin ABŞ və NATO ilə münasibətlərinin korlanmamalı olduğu qənaətindədir: "Bu, həssas məsələdir. Eyni zamanda, Rusiya ilə münasibətlərin inkişafına da diqqət göstərməlidir. Amma Türkiyə geopolitik məsələlərdə öz çəkisinə uyğun gəlməyən böyük məsələlərə girişdikdə və bu zaman da mənsub olduğu hərbi-siyasi blokla məsləhətləşmədikdə məsələlər gərginləşir".