BAKI, 10 okt — Sputnik. BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını müsbət qarşıyır. "Biz Hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq", — deyə Ofisin yaydığı bəyanatda bildirilir.
Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklyuziv prosesin baş tutacağına ümid edir.
Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.