BAKI, 22 avq — Sputnik. Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə ilə aralarında düşmənçiliyə əsas yaradan olan heç bir problem olmadığını bildirib. Sputnik Türkiyənin "Karar" qəzetinə istinadən xəbər verir ki, o, bu fikrini ölkəsinin ən yüksək reytinqli "Əl-Əhram" qəzetinə müsahibəsi zamanı deyib.
Əbdülfəttah əs-Sisi, Türkiyənin baş naziri Binəli Yıldırımın "Misirlə əlaqələri daha da inkişaf etdirmək istəyirik" bəyanına da münasibət bildirib. "Türk rəsmilərin verdiyi açıqlamalara, beynəlxalq əlaqələr fonunda və Misirin öz mədəni dəyərləri çərçivəsində lazımi qarşılıq verilir və veriləcək. Biz cənab Yıldırımın bəyanatını yüksək dəyərləndiririk", — deyə Misir prezidenti qeyd edib.
Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım, iki gün öncə xarici KİV təmsilçilərinə müsahibəsi zamanı Misirlə əlaqələri gücləndirmək istədiklərini söyləyib. Lakin bununla belə, baş nazir 2013-cü ildə Misirdə hərbi çevriliş olması faktını unutmadıqlarını, bunun beynəlxalq hüquq və qanunlara zidd olduğunu bildirib.