BAKI, 19 avq-Sputnik. Kriminal avtoritet Rövşən Lənkəranskinin cənazəsini gətirən xüsusi təyyarə 23.45-də Lənkəran hava limanına enib.
Sputnik-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, onun cənazəsini qarşılamaq üçün hava limanında 5 minədək insan toplaşıb.
Cənazə təyyarədən endirildikdən sonra maşına qoyulub və onun Lənkəranda yaşayan ailəsinə aparılıb.
Onun cənazəsini kütlə "Allahu əkbər" sədaları altında qarşılayıb və evinə yola salınıb.
Sputnik-in əməkdaşının müşahidələrinə görə, Lənkəran camaatı Rövşən Lənkəranskinin ölüm xəbərinin yalan çıxması üçün çoxsaylı qurbanlar deyib, dua ediblər.
Dəfn mərasimi bu gün səhər olacaq.
Rövşən Lənkəranski 18 avqustda İstanbulun Şişli məhəlləsindəki otellərdən birindən çıxarkən onun avtomobili gülləbaran edilib.
Yayılan məlumata görə, o, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, ötən gün ərzində əsl ad-soyadı Rövşən Canıyev olan avtoritetin ölümü ilə bağlı təzadlı məlumatlar yayılıb. Əvvəlcə onun sürücüsünün hadisədən dərhal sonra çatdırıldığı "Florance Nightingale" xəstəxanasında öldüyü, özünün isə Şişli Hamidiye Etfal Tədris və Araşdırma Xəstəxanasında reanimasiyaya yerləşdirildiyi, vəziyyətinin kritik olduğu bildirilib.
Ən son yayılan xəbərlərdə isə, onun hadisədən 20 dəqiqə sonra öldüyü, sürücüsünün isə reanimasiyada olduğu bildirilib.
Ötən gün saat 18:10-da Şişli Hamidiye Etfal Tədris və Araşdırma Xəstəxanasından Sputnik-ə bildiriblər ki, hazırda kod adı ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstə barədə hər hansı məlumatın verilməsi, İstanbul Ədliyyəsinin qərarı ilə onun təhlükəsizliyi nöqteyi-nəzərindən qadağan edilib. Eyni zamanda bildirilib ki, sözügedən xəstəxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.