BAKI, 14 iyun-Sputnik. Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilir. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 28 məsələ daxildir.
İlk olaraq "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" Sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" Çərçivə Sazişlərinin təsdiq edilməsi barədə layihələrə baxılacaq.
"Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.
İclasda Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılacaq.
Miqrasiya, İnzibati Xətalar, Vergi, Mülki Prosessual Məcəllələrində, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklərə baxılacaq.
"Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Prokurorluq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Notariat haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunlarda dəyişikliklər müzakirə ediləcək.
Bundan başqa, "Toxumçuluq haqqında", "Taxıl haqqında", "Çayçılıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Dövlət rüsumu haqqında" Qanunlarda dəyişikliklərə baxılacaq.