BAKI, 18 may — Sputnik. Ötən əsrin 80-90-cı illərinin populyar estrada ulduzu, alman müğənnisi Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlib.
Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat edib).
Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olub. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs alıb və gitarada ifa etməyi öyrənib. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanıb.
1984-cü ildə "Arabesque" qrupunu tərk edərək, musiqi səhnəsində tək müğənni kimi çıxış edir və çox böyük populyarlıq qazanır. Sandranın 1985-ci ildə ifa etdiyi "(I’ll Never Be) Maria Magdalena" bir neçə ölkənin hit-paradında ilk zirvəyə qalxır. Sandra 1980-cı illərin sonunda musiqi karyerasına ara verir. Sandra 1988-ci ildə Mişel Kretu ilə ailə həyatı qurur. Sandra bir müddət həyat yoldaşının yaratdığı Eniqma qrupunda çalışır. 1993-cü ildə Sandra "(I’ll Never Be) Maria Magdalena" mahnısının yeni versiyasını ifa edir.
1995-ci ildə Sandra və Mişel Kretunun əkiz övladları (Nikita və Sebastian) dünyaya gəlir. Sandranı 1997-ci ildə Rusiya tərəfindən çəkilmiş "Buratinonun yeni macəraları" adlı musiqili komediya janrlı filmində iştirak etməyə dəvət edirlər. 2007-ci ildə Sandra və Mişel Kretu ayrılırlar.