BAKI, 17 may — Sputnik. Parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Sazişə görə hər bir tərəf digər tərəfin aviasiya şirkətlərinin beynəlxalq hava daşımalarını yerinə yetirmələri üçün həmin tərəfə bir sıra hüquqlar verir. Öz ərazisi üzərindən yerə enmədən uçub keçmək, qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq və digər hüquqlar verilir.
Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi hallarına və belə hava gəmilərinin, onların sərnişinlərinin və ekipajının, həmçinin hava limanlarının və aeronaviqasiya qurğularının təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aeronaviqasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhdidin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün zəruri yardımı göstərəcəklər.
Sazişin 8-ci maddəsində göstərilir ki, hər bir tərəfin aviasiya şirkətləri hava daşımalarının təşviq olunmasının və satışının həyata keçirilməsi üçün digər tərəfin ərazisində ofislər yaratmaq hüququna malik olacaq. 12-ci maddədə isə deyilir ki, hər bir tərəf bazardakı kommersiya hesablamalarına əsasən, hər iki tərəfin aviasiya şirkətləri tərəfindən hava daşımaları üçün qiymətlərin müəyyən edilməsinə imkan yaradacaq.
Bu Sazişdə hər iki tərəfin yazılı razılığı əsasında dəyişiklik edilə bilər. Bu Saziş və ona edilən bütün dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyata alınacaq. Saziş haqqında məlumat verən millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, Saziş iki ölkə arasında hava məkanında imkanları artırmağa, bazarda aviasiya şirkətləri arasında sağlam rəqabət yaratmağa imkan verir. Müzakirələrdən sonra Saziş səsə qoyularaq təsdiq olunub.