BAKI, 6 may — Sputnik. Görkəmli Sovet və Rusiya teatr və kino aktyoru, pedaqoq, RSFSR xalq artisti (1971), SSRİ xalq artisti (1984) Vladimir Abramoviç Etuş 6 may 1922-ci ildə Moskvada yəhudi ailəsində anadan olub. Lakin sənəddə rəsmi olaraq, 1923-cü il kimi yazılıb.
Böyük Vətən müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit olub. 1943-cü ildə Tokmakın (Ukrayna) Jovtneve kəndində ağır yaralanıb. Xəstəxanadan çıxandan sonra 2-ci qrup əlil adını alır. 1945-ci ildə V. Etuş Şukin adına teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır. Getdikcə əsas aktyorlardan birinə çevrilir.
Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun "Admiral Uşakov" tarixi filmində çəkilməklə başlayıb. Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olub. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarından tanıyıb.
1945-ci ildən etibarən Vladimir Etuş fəal surətdə Şukin adına teatr məktəbində müəllimliklə məşğul olub. 1976-cı ildən oranın professorudur. 1987-ci ildə isə oranın rektoru təyin edilib. 2009-2011-ci illərdə Rusiyada Mərkəzi aktyor evinin direktoru olub.