BAKI, 29 apr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda süni sıxlığın yaranması, yollarda avtomobillərin qanunsuz parklanmasının və piyadaların piyada keçidlərindən istifadə etməməsi hallarının qarşısını almaq məqsədilə reydlərə başlayıb. Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O söyləyib ki, kütləvi informasiya vasitələri və qeyri hökumət təşkilatlarının (QHT) da iştirakı ilə keçirilən reyd həmçinin yol hərəkərinin təhlükəsizliyinin təbliğatı xarakteri daşıyır: "Bakı şəhəri ərazisində süni sıxlığın yaranması, dayanma, durma və parklanma tələblərinin pozulmasından yaranır. Ona görə də, paytaxtın inzibati ərazisi bütövlükdə nəzarətə götürülərək yol polisi əməkdaşları bu istiqamət üzrə xidmət aparır".
"Metro stansiyalarının çıxışları, keçidlər, avtobus duracaqları ətrafında dayanma-durma tələblərini pozan, avtobus dayanacaqlarını zəbt edən, eləcə də piyada keçidlərindən istifadə etməyənlərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ADA və Qafqaz universitetlərinin tələbələri, kütləvi informasiya vasitələri və QHT nümayəndələri ilə birlikdə təbliğat işlərinə başlayıb", —deyə V. Əsədov bildirib.
Onun sözlərinə görə, təbliğat çərçivəsində qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar: "Bu səbəblərdən Yol Polisi avtobus və şəxsi avtomobil sürücülərinə, eyni zamanda, piyadalara bu barədə məlumatlar verir, onların qaydalara riayət etməsini istəyir".