BAKI, 11 apr — Sputnik. Ağdamın "Qarabağ" klubu avrokuboklara vəsiqəni təmin edib. APA-nın məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunun oyunlarından sonra Ağdam təmsilçisi çempionatın ilk 4 pilləsində qərarlaşacağı rəsmiləşib.
“Ağ-qaralar”ı arxada qoya bilən 3 komandadan ikisi – “Zirə” və “İnter”in avrokuboklara buraxılmamağı isə əyalət klubunun Avropaya yolunu açıb. Əslində, “Qarabağ”ın böyük ölçüdə medalı da qazandığını söyləmək olar. Ağdamlıların ilk “üçlük”dən kənar qalması isə yalnız möcüzə ilə — 4 komandanın eyni xal toplaması və mini-turnirin keçirilməsi halında mümkündür.
“Qarabağ”ın “dördlük”də yerini təmin etməsi daha iki komandanın çempionluq arzusu ilə vidalaşması deməkdi. Artıq “Qəbələ” və AZAL da 1-cilik üçün nəzəri şanslarını əldən verib. “Qəbələ” şanslarını Sumqayıtda eyniadlı komanda ilə heç-heçə etməklə itiribsə, AZAL ağdamlıların qələbəsindən sonra qızıla “əlvida” deyib.