Renessans dövrünün görkəmli nümayəndəsi

© nevsepic.com.uaMikelancelonun əsəri
Mikelancelonun əsəri - Sputnik Azərbaycan
Abunə olmaq
İtalyan heykəltəraşı və memarı, Renessans mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Mikelancelonun ölümündən 452 il keçir.

BAKI, 18 fev — Sputnik. İtalyan heykəltəraşı, boyakar, memar və şair. Renessans mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni) 1564-cü il fevralın 18-də Romada vəfat edib. 

Mikelancelo Buonarroti 6 mart 1475-ci ildə müflisləşmiş zadəgan Lyudovik Buonarottinin ailəsində anadan olub.

Kapreze şəhər hakiminin oğlu olan Mikelancelo boyakar C. Girlandayo (1488-1489) və heykəltəraş Bertoldo di Covannidən (1489-1490) dərs alıb. Yaradıcılığının inkişafına Cotto, Donatello, Mazaççonun, eləcə də antik heykəltəraşlığın böyük təsiri olmuşdur. Hələ ilk əsərlərində ("Madonna pilləkən yanında", "Kentavrların döyüşü", hər ikisi mərmər, təqr. 1490-1492).

Mikelancelo yaradıcılığının başlıca cəhətləri – obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir. Romada olarkən yaratdığı "İsa üzərində ağlaşma" ("Pyeta", 1498-1501) heykəli Mikelancelo üslubunun püxtələşdiyini göstərir. Dərin mənalı bu əsərin əsas ideyası əsl insani kədər, övlada məhəbbət kimi nəcib hisslərin tərənnümüdür.

Mikelancelo 1501-ci ildə Florensiyaya qayıtmış, qəddar Mediçilərin hökmranlığına son qoymuş respublika vətəndaşlarıın qəhrəmanlığını təcəssüm etdirən simvolik əsərlər üzərində işləyib (5 m-lik "David" heykəli, mərmər, 1501-1504). 1505-ci ildə Papa II Yuli Mikelancelonu Romaya çağırıb və ona özünün məqbərəsini yaratmağı tapşırıb. Məqbərə həcmi, əzəməti, gözəlliyi baxımından dünyada yeganə və nadir sənət əsəri olmalı idi. Məqbərənin layihələri tez-tez dəyişdirildiyindən onun inşası yalnız 1545-ci ildə başa çatdırılmışdı. Mikelancelo məqbərə üçün nəzərdə tutulmuş bir sıra heykəllər yaratmışdır ("Musa", 1515-1516; "Üsyankar qul" və "Canverən qul", hər ikisi 1513-1516). Mikelancelonun ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikstin kapellası tavanının (plafon) freskalarıdır (1508-1512). Tavanın mərkəzində doqquz düzbucaqlı lövhə, onların ətrafında 20 çılpaq gənc fiquru, mərmər taxtlarda oturmuş 7 müdrik peyğəmbərin və 5 sivillanın surətləri, həmçinin dramatik məzmunlu kompozisiyalar ("İşığın zülmətdən ayrılması", "Günəşin, ayın və bitkilərin yaradılması", "Torpağın sudan ayrılması", "Adəmin yaradılması", "Həvvanın yaradılması", "Günahkarlıq və cənnətdan qovulma", "Nuhun qurbanı", "Dünya daşqını" və s.) yerləşdirilib.

Ümumiyyətlə kapellanın 18 m hündürlükdə olan plafonunda 343 insan fiquru təsvir edilib. 1520-ci illərdə Mikelancelonun həyata münasibətində bədbinlik yaranıb, bu da onun Florensiyada San-Lorenso kilsəsində yaratdığı məşhur Mediçilərin sərdabası (1520-1534) heykəltəraşlıq və memarlıq ansamblında əksini tapıb. Mikelancelo 1534 ildə həmişəlik Romaya köçmüş, Sikstin kapellasının mehrabında "Məhşər günü" adlı monumental freska üzərində işləmişdir (1536-1541).

Mikelancelo təqr. 1537-1538-ci illərdə "Brut" büst-heykəlini, 1542-1550-ci illərdə Romada Paolina kapellasının freskalarını, 1550-1555-ci illərdə isə öz qəbirüstü abidəsi üçün nəzərdə tutduğu "İsa üzərində ağlaşma" ("Pyeta") adlı dördfiqurlu heykəl yaradıb.

Mikelancelonun memarlıq sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. O, 1546 ildən Romadakı Müqəddəs Pyotr baş kilsəsinin layihəsi üzərində işləyib, onun mehrab hissəsini klassik memarlıq orderləri sistemi üzrə möhtəşəm dinamik formalarda həll edib. Mikelancelo Renessans dövrü memarlığında monumental ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək Kapitoli meydanını layihələşdirib.

Mikelancelo qoca yaşlarında poeziyaya daha çox maraq göstərib, əsasən madriqal və sonetlər yazıb. Sağlığında şerləri dərc olunmamışdı. İlk "Şerlər" kitabı 1623-cü ildə nəşr edilmişdir (D. Şostakoviç Mikelancelonun sözlərinə vokal süita yazıb). Mikelancelo yaradıcılığı insan şəxsiyyətinə pərəstiş, insanın böyüklüyünə və gözəlliyinə inam hissləri ilə aşılanıb.

Xəbər lenti
0