BAKI, 16 fev — Sputnik. 30 iyul 2007 —ci ildən Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
Fonddan Sputnik-ə verilən məlumata görə, Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 492 min manatdan artıq kompensasiya ödənilib.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.