BAKI, 10 fev — Sputnik. "İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır".
Sputnik APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib: "Yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalı, sözlərinə nəzarət etməlidir".
"Xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, öz haqqında ciddi düşünməlidir", —nazir bildirib.
"Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaldan və özünü xalq qarşısında məyus etməkdən başqa bir şey deyil. Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır, sözlərinə, ifadələrinə nəzarət etməlidir", —Ə. Qarayev əlavə edib.