BAKI, 20 yan — Sputnik. "Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək". Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
"İlk növbədə müəyyən qiymət artımı ilə əlaqədar hansı ki, manatın yeni məzənnə siyasəti ilə bağlıdır, bu artımların təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir", —nazir deyib.
Onun sözlərinə görə, bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq: "Əmək haqlarının artırılması üçün maliyyə təminatının yaradılması, eyni zamanda məcburi köçükünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb".
S. Şərifovun sözlərinə görə, azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir: "Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır".