Dünyada neftin qiyməti ABŞ-ın əlindədi

Abunə olmaq
İqtisadçı ekspert Pərviz Heydərov: “Azərbaycan iqtisadiyyatı artıq tamamilə başqa özüllər üzərində qurulmalıdır”

Dünyada neftin qiyməti ABŞ-ın əlindədi
ABŞ Konqresinin üzvləri 2016-cı ilin dövlət büdcəsinin xərcləri üzrə razılığa gəliblər. Bu razılıq çərçivəsində dövlət aparatının işinə yaranmış təhlükə aradan qalxacaq və neft ixracına qoyulmuş qadağa ləğv ediləcək.

Nümayəndələr Palatasının sədri, respublikaçı Pol Rayan çoxdan gözlənilən bir məlumat verib. Belə ki, 1975-ci ildə ABŞ-ın xam neftinin ixracına qoyulmuş embarqonun ləğvi barədə razılığa gəlinib. 

Xam neftin qiymətinin son 11 ilin ən aşağı səviyyəsinə düşməsinin ardından ABŞ-ın dolları bahalaşdırma qərarı verəcəyinin gözlənilməsi və neft ixracı qadağasının aradan qaldırılacağı xəbəri də neftin ucuzlaşmasına səbəb olan amillərdən sayılır. Görəsən, ABŞ-ın neft ixracına qadağanı aradan qaldırması neftdən asılı ölkələrdə, o cümlədən Azərbaycanda devalvasiya, işsizlik və başqa problemlər yarada bilərmi? 

Bununla bağlı “Sputnik” in suallarını iqtisadçı ekspert Pərviz Heydərov cavablandırıb. 

-ABŞ-ın neft ixracına qadağanı aradan qaldırması  dünya bazarında neftin qiymətinə necə təsir edəcək? 

— Neft bazarında izafi məsul mövcuddur. Yəni onsuz da təklif tələbi üstələyir. ABŞ tərəfindən müəyyən edilən qadağanın aradan götürülməsi nəticəsində təklifin tələbi üstələməsi daha möhkəm xarakter daşıyacaq. Neft bazarında tələb və təklif nöqteyi nəzərindən bütün təsir imkanları onsuz da ABŞ-ın əlində idi. Baş verənlərdən sonra isə demək olar ki, bütün proseslər artıq hüquqi cəhətdən tam açıq formada ABŞ-ın təsiri altında olacaq. Hesab edirəm ki, bu qadağa aradan götürüldükdən sonra yaxın 10 il ərzində bəlkə də ondan da uzun müddətli bir zaman çərçivəsində artıq neft bazarında qiymətlərin müəyyən edilməsi bilavasitə ABŞ nəzarəti altında olacaq. Bunun nəticəsində də dünya neft bazarında qiymətlərin əvvəlki illərdə müşahidə elədiyimiz səviyyədə ola biləcəyi ehtimalı artıq tamamilə aradan götürülmüş hesab olunur.

-Pərviz müəllim, bəzi ekspertlərin fikrincə, ABŞ Konqresinin verdiyi qərarın təsirləri Azərbaycan iqtisadiyyatından da yan keçməyəcək. Siz necə fikirləşirsiz? Bu qərarın ölkə iqtisadiyyatına nə kimi təsirləri ola bilər?

— Dünya neft bazarında gedən proseslərin hazırda Azərbaycana necə təsir etdiyi göz qabağındadır. Gələcəkdə də ABŞ Konqresinin verdiyi qərarın ölkə iqtisadiyyatına təsiri özünü daha əyani şəkildə hiss etdirəcək. Bundan heç cür yayınmaq mümkün deyil. Azərbaycanda yaxın illərdə müşahidə elədiyimiz geniş tikinti işləri, iri investisiya lahiyələrinin gerçəkləşdirilməsi kimi proseslər üçün dünya neft bazarında neftin qiymətin 100 dollar civarında olması tələb olunur. Azərbaycan iqtisadiyyatı artıq tamamilə başqa özüllər üzərində qurulmalıdır. Bunun da əsasını yalnız qeyri-neft sektorunun inkişafı təşkil eləyir.

-Sizcə, dünya bazarında «qara qızıl»ın qiymətinin hansı həddə qədər düşəcəyi də müzakirə mövzusudur? Növbəti ildə hansı gözləntiləriniz var? 

— Hazırda bu haqda müxtəlif mülahizələr söylənilir. Hətta neftin 1 barrelinin qiymətinin 10 dollara qədər enəcəyi haqqında fikirlər də mövcuddur. Məsələn, 80-ci illərdə neftin 1 barrelinin qiymətinin 10 dollara qədər düşdüyü hallar olubdur. Belə faktlar vardır. Lakin burada bir az məsələyə diqqətlə yanaşmaq gərəkdir. Dolların həmin illərdəki alıcılıq qabiliyyəti ilə hal-hazırda olan alıcılıq qabiliyyəti ciddi fərq var. Biz nə vaxtsa neftin 1 barrelinin qiymətinin 10 dollar olduğunu qeyd edən də unutmamalıyıq ki, həmin dövrdəki 10 dolların alıcılıq qabiliyyəti indiki 10 dolların alıcılıq qabiliyyəti səviyyəsində deyil. Yəni bu mənada neftin nominal ifadədə həmin səviyyəyədək 20 dollardan aşağıya lap elə 20 dolların özünə düşəcəyi ehtimalını mən az inandırıcı hesab edirəm. Əslində neftin düşmə həddi demək olar ki, 40 dollar idi. Bütün təzyiqlərə baxmayaraq uzun müddət həmin həddi keçə bilmirdi. Son günlər isə artıq bu baş verib. FES tərəfindən baza faiz dərəcəsinin artırılması ilə əlaqədar o cümlədən sözü gedən qanun lahiyəsinin qəbulu ilə əlaqədar növbəti ildə neftin qiyməti orta hesabla haradasa 45-48 dollar arasında olacaq. Ola bilsin ki, müəyyən dövrlərdə qiymət 30 dollara qədər ensin. Lakin bötüvlükdə 2016-ci il ərzində neftin qiymtənin 40 dollardan yuxarı, hətta 45-48 dollar arasında olacağını zənn edirəm. Çünki, bundan aşağı mümkün deyil, ona görə ki, neft özü hasil olmaq üçün investisiya xərcləri tələb edir. 

Xəbər lenti
0