BAKI, 30 noy-Sputnik. Misir prezidenti Əbdül Fətta əl-Sisinin Azərbaycana səfəri gözlənilir.
Bunu Sputnik-ə açıqlamasında Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil deyib.
Onun sözlərinə görə, Misir prezidenti Sisiyə səfərlə bağlı Azərbaycan tərəfinin rəsmi dəvət məktubu da təqdim olunub. "Odur ki, Misir prezidenti cənab Sisinin Bakıya səfərini gözləyirik. Ancaq səfərin vaxtı və proqramı barədə məlumat yoxdur."
O deyib ki, vaxt bəlli olduqdan sonra səfər proqramı üzərində iş gedəcək. "Prezidentin səfəri reallaşarsa, onu dövlət və hökumət təmsilçiləri, eləcə də iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. İnşallah, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da irəli getməsinə stimul olacaq" — diplomat vurğulayıb.
İkitərəfli əlaqələrə toxunan səfir onu da əlavə edib ki, Azərbaycan tərəfinin təklifi ilə yanvarın 27-də hökumətlərarası komissiyanın iclasının Qahirədə keçirilməsi planlaşdırılır: "İclasın yekunu olaraq ikitərəfli əlaqələrin inkişafı ilə bağlı bir sıra müqavilələrin imzalanacağı da gözlənilir. Artıq Misir hökumətinə bu haqda məktub göndərmişik ki, iclasın proqramını təsdiqləsinlər."