BAKI, 17 noy — Sputnik. İran televiziyasında efirə gedən "Fitilə"proqramında işlədilən deyilən sözləri münasib hesab etmədiyimiz kimi, bunu qəsdən törədilən hadisə də hesab etmirik.
Sputnik xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Diplomat bunun səhvən baş verdiyini əlavə edib: "Bu proqram on ildir ki, yeniyetmələr və uşaqlar üçün verilişlər hazırlayır və heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Onu hazırlayan və efirə verən də Azərbaycan dillidir və verilişdən dərhal sonra İranın televiziyasında Azərbaycan dilində çıxış edərək üzr istəyib. Bundan əlavə olaraq İranın Radio və Televiziya Təşkilatının sədri, digər televiziyaya məsul şəxslər də üzrxahlıq ediblər və bildiriblər ki, bu qəsdən törədilməyib.
Səfir əlavə edib ki, bu hadisə başqa ölkələrdə də baş verə bilər: "Təəssüfləndirici hal bundan ibarətdir ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi. Hətta bu gün də 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər. Onlar heç zaman icazə verməzlər ki, hansısa qruplar bu məsələdən istifadə edib ambisiyalar irəli sürsün, İrana qarşı hər hansı separatçılıq iddiaları səsləndirilsin. Mən Azərbaycanın məntiqli, ziyalı və müdrik xalqına təşəkkür edirəm ki, kiçik qrupların elədiyi bu səs-küyə uymayıb, onların iddialarını heçə saydı".