BAKI, 10 noy-Sputnik. Ana dilinin qorunması yalnız mədəni deyil, həm də siyasi, ideoloji məsələdir.
Sputnik xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı söylədiyi fikirləri şərh edərkən deyib.
Dilçi alimin fikrincə, dilə alınma sözlər gəlməlidir: "Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də alınma sözlər çoxdur. Amma alınma sözlər dilə gələrkən birinci növbədə həmin sözlərin qarşılığının tapılmasına çalışmaq lazımdır".
N.Cəfərov qeyd edib ki, bəzi sözlər ana dilində olduğu halda, onu başqa dildə işlətmək olmaz: "Məsələn, bizim dilimizdə "gözlük", "eynək", "çeşmək" sözü var, amma hamı ona "oçki" deyir. Buna nə ehtiyac var?! Yaxud "remont", "uje" kimi sözlər dilimizi korlayır. Televiziyalarımızda belə sözlər işlədilir. Məişət mövzularına həsr edilən verilişlərdə ehtiyac olmadığı halda, daha çox xarici kəlmələrdən istifadə edilir".
Bu sözlərin işlədilməsinə qarşı mübarizə aparılmasını vacib sayan N.Cəfərov hesab edir ki, bəzən "köçürülmək" sözünün əvəzinə "təxliyə edildi" işlədilir: "Buna ehtiyac yoxdur. Bu, gəlmə və özünü doğrultmayan sözdür. Yaxud son vaxtlar şərq və qərb dillərindən alınma sözlər dilimizə çox gətirilir".
N.Cəfərovun sözlərinə görə, daha təhlükəli hal budur ki, gəlmə sözlər sonralar ana dilimizin sözlərini dildən çıxarır, onun yerini tutur.
N.Cəfərov qeyd edib ki, alınma sözlər elmi üslübda olan danışıq və yazı zamanı istifadə edilə bilər: "Çünki belə üslubda terminlərdən çox istifadə edilir. Amma publisistik üslübda, radio-televiziyanın, mətbuatın dilində, danışıq dilində buna ehtiyac yoxdur".
Dilçi alim hesab edir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətində, eləcə də digər lüğətlərdə bu prinsiplərə əməl etmək, elmi-tədqiqat işlərində bu məsələləri qaldırmaq lazımdır.
Onun fikrincə, Azərbaycan dilinin saflığının qorunması ilk növbədə KİV-lərdən asılıdır: "Doğrudur, Milli Teleradio Şurası Dilçilik İnstitutu ilə birgə monitorinqlər keçirir. Ancaq bu zaman onlardilin normasının pozulması hallarını göstərirlər. Təəssüf ki, bu, ancaq göstərməklə də bitir".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasını vacib saydığını deyib. Prezident İlham Əliyev bildirib ki, bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində kənar kəlmələrdən istifadə edilir: "Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır".