Hər bir ölkədə problemlərin də, qüsurların da, mənfi halların da olduğunu qeyd edən Azərbaycan prezidenti bildirib ki, bəzi hallarda biz ölkəmizdə də, Avropada da mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır- deyə preizdent vurğulayıb. Prezident İlham Əliyev deyib ki, bizim üçün Avropa ölkələrində mövcud olan məhkəmə sistemi nümunə ola bilər və hesab edirəm ki, biz bu müsbət təcrübəni Azərbaycanda da tətbiq etməliyik.
“Korrupsiyaya, rüşvətxorluğa və ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli olsun və bizim inkişafımıza mane olan bu əngəllərdə aradan götürülsün. Buna nail olmaq üçün dövlət tərəfindən çox güclü siyasi iradə var. Eyni zamanda çox böyük ictimai dəstək var,o ki, qaldı dövlət məmurları, vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər. Nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun ki, biz hələki bu xoşa gəlməz mənzərə ilə üzləşirik. Ancaq, hesab edirəm ki, ədalətli istintaq və ədalətli məhkəmə qərarları bu sahədə də ciddi irəliləliyişə gətirib çıxaracaqdır”.
Prezident sahibkarlara edilən təzyiqlərdən də danışıb:
“Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir. Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun”.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 4-də Şimal-Qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala və Şəki şəhərində olub.