XİN açıqlama verdi

© Photo : MFAAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər Nazirliyi noyabrın 1-də ölkədə Milli Məclisə keçirilən seçkilərin yekunları ilə bağlı açıqlama yayıb.

BAKI, 3 noy-Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 1-də ölkədə Milli Məclisə keçirilən seçkilərin yekunları ilə bağlı açıqlama yayıb.

Sputnik-in XİN mətbuta xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, bildirilir ki, Milli Məclisə 5-ci çağırış seçkiləri yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən, Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə heyəti tərəfindən azad, demokratik və şəffaf şəkildə keçirildiyi, seçicilərin iradəsini əks etdirdiyi, seçkilərə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğu təsbit olunub.

Seçkilərin keçirilməsi prosesində Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və müşahidəçilər tərəfindən hər hansı xüsusi qanun pozuntusu halı qeydə alınmayıb.

Bəzi dairələr tərəfindən seçkilərin "boykot" edilməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barəsində əsassız iddiaların irəli sürülməsi və seçkilərin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə qərəzli məlumatlara yer verilməsi tamamilə qəbuledilməzdir.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına məlumatına görə 5547 məntəqənin hamısında səsvermə vaxtında — səhər saat 8-də başlayıb və axşam saat 19.00-da başa çatıb. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur.

Seçki prosesində namizədlərin tam sərbəst şəkildə təşviqat kampaniyaları aparmaları üçün bütün lazımı şərait yaradılıb.

Səsvermə günü seçki məntəqələrində prosesin əvvəldən axıradək izlənilməsi üçün ölkə ərazisi üzrə 1000 seçki məntəqəsində web-camera-lar quraşdırılıb.

Seçkilərdə "Els" müstəqil araşdırmalar mərkəzi, "Rəy" monitorinq mərkəzi, "Opinion Way" Sosioloji tədqiqatlar İnstitutu (Fransa), Azərbaycan Gənclərinin Hüquq Müdafiəsi Mərkəzi və "AJF&Associates.İnc" (ABŞ) birlikdə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası qismində "exit poll" keçiriblər.

Seçkilər 500-dən artıq xarici, 63.000-dən artıq yerli müşahidəçi tərəfindən izlənilib. Xarici müşahidəçilər AŞPA, MDB PA, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT PA, TürkPA da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.

Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırıblar. XİN və MSK tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib.

ATƏT/DTİHB də seçkiləri müşahidə etmək üçün Xarici İşlər Nazirliyi tərəfindən 2015-ci ilin iyulunda dəvət göndərilib. 12-14 avqust 2015-ci il tarixində ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) Azərbaycana səfər edib və səfərin yekunlarına dair Qiymətləndirmə hesabatı hazırlayıb. Hesabatda, EQM əsas ekspert heyətinə əlavə olaraq, seçkilərə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib. Bununla əlaqədar, Azərbaycan tərəfindən ATƏT/DTHİB-ə ünvanlanmış məktubda ölkə əhalisinin sayı və müvafiq olaraq 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul olduğu bildirilib və ATƏT/DTHİB-in EQM-in hesabatının yenidən nəzərdən keçirilməsi tövsiyə edilib. ATƏT/DTHİB nəticədə ölkə əhalisi və 125 seçki dairəsi və müşahidəçilərin sayı arasında nisbətin hansı meyarlar və metodologiya ilə müəyyən edilməsinə aydınlıq gətirmədən öz mübahisəli tövsiyələri üzrə məsləhətləşmələr təklifini rədd edib, guya Azərbaycan tərəfindən ATƏT/DTHİB-in müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək, Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib. ATƏT/DTHİB-in birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.

Azərbaycanın tərəfinin ATƏT-in Fəaliyyətdə olan sədri qismində Serbiyanın iştirakı ilə ATƏT-in Daimi Şurasında konstruktiv məsləhətləşmələr yolu ilə məsələni müzakirə edərək həllin tapılması, habelə seçki müşahidə missiyası olmasa belə, ATƏT/DTHİB tərəfindən seçkilərə texniki ekspert qrupunun göndərilməsi barəsində təklifinə də DTHİB tərəfindən qeyri-konstruktiv münasibət bildirilib.

Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT/DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur.

Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib.

Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir.

Xəbər lenti
0