BAKI, 27 okt — Sputnik. Noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək seçiciləri sürprizlər gözləyir.
Bunu Sputnik-ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, bu il 63,5 minə yaxın seçici ilk dəfə olaraq səsvermə hüququna malik olacaq.
“Amma noyabrın 1-də 250 nəfərin 18 yaşı tamam olur və onların da səsvermədə iştirakı təmin olunacaq. Həmən günü səsvermə hüququ əldə edən gənclərlə bağlı MSK sürpriz planları var və onları çox yaxşı sürprizlər gözləyir. Məqsəd gəncləri seçkilərdə aktiv iştiraka ruhlandırmaqdır. Sürpizlər haqqında isə indidən danışmaq tezdir. Əgər sürprizin nədən olmasını indidən desək o sürpriz olmaz ki….”, — deyə Əsədli əlavə edib.
Yaşlı seçicilər məsələsinə toxunan Əsədli bildirib ki, bu gün Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 564 seçici var: “Ən yaşlı seçicinin 126 yaşı var. Bu Dadaşova Gülzardır və o hazırda Ağdaş rayonunda yaşayır.”
Əsədli onu da əlavə edib ki, Bu gün Azərbaycanda 5,2 milyon seçici var və onarlın 51,7 % qadın, 48,3 % kişidir.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Azərbaycanda parlament 125 nəfərdən ibarətdir. Konstitutsiyaya görə parlament seçkiləri hər beş ildən bir noyabr ayının ilk bazar günü keçirilir.