BAKI, 15 okt — Sputnik. ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyadakı siyasətini "zərərli və destabilizasiya yaratmağa yönəlmiş siyasət" adlandıraraq bunun qarşısını almaq üçün bütün lazımi addımları atacaqlarını bəyan edib.
Sputnik APA-ya istinadən xəbər verir ki, Pentaqon rəhbəri Rusiya prezidenti Vladimir Putinin öz ölkəsini təcrid girdabına saldığını və bu vəziyyəti yalnız öz siyasətində kardinal dəyişiklik edərək dəyişə biləcəyini deyib. "Biz Rusiyanın zərərli və destabilizasiyaya yönəlmiş təsirinin, onun təcavüz və məcburetmə siyasətinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq", — deyə nazir Suriya və Ukraynada baş verənləri nəzərdə tutaraq söyləyib.
K. Eşton Rusiyanın Suriyada "yalançı strategiya" ilə çıxış etdiyini və Bəşər Əsədə dəstək verdiyini vurğulayaraq Moskva ilə bu məsələdə əməkdaşlıq etməyə hazırlaşmadıqlarını diqqətə çatdırıb.
ABŞ Rusiyanın baş naziri Dmitri Medvedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina edib. Səfər zamanı iki dövlət yüksək səviyyədə Suriya məsələsini müzakirə etməli idi. Ağ Evin mətbuat katibi Coş Ernest bunu "Moskvanın "İŞİD"lə mübarizəyə töhfə vermək istəməməsi" ilə izah edib. O qeyd edib ki, Rusiyanın Suriyada öz gündəmi var.