BAKI, 12 okt — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, mətbuatda deputat Elton Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən “Nar Cafe”-də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.