Türkiyə səfirliyində terror hadisəsi ilə bağlı dəftər açılıb

© Al-JazeeraAnkarada terror
Ankarada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Başsağlığına gələnlər üçün dəftər yalnız dövlət rəsmilərinə, millət vəkillərinə və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçilərinə nümayəndələrinə açıq olacaq.

BAKI, 12 okt — Sputnik. Türkiyənin paytaxtı Ankarada oktyabrın 10-da çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində dəftər açılıb.

Bu barədə Sputnik-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. 

Səfirliyin məlumatına görə, məsələnin həssaslığı nəzərə alınaraq başsağlığı bütün ictimaiyyətə açıq olmayacaq: “Başsağlığına gələnlər üçün dəftər yalnız dövlət rəsmilərinə, millət vəkillərinə və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçilərinə nümayəndələrinə açıq olacaq. Digər şəxslər səfirliyə buraxılmayacaq”.

Dəftər bu səhər saat 10.00-da açılıb və axşamadək davam edəcək.

Oktyabrın 10-da səhər saatlarında Türkiyənin paytaxtı Ankarada müharibə əleyhinə mitinqdən əvvəl törədilən iki partlayış nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşıb, yaralıların sayı isə 200 nəfərdir.

Partlayışlar yerli vaxtla saat 10:00-da ölkənin cənub-şərqində türk-kürd münaqişəsi səbəbilə zorakılığın şiddətlənməsinə qarşı etiraz əlaməti olaraq, "Əmək, sülh, demokratiya" şüarı altında həmkarlar ittifaqları və ictimai təşkilatlar tərəfindən təşkil edilən mitinqdən əvvəl baş verib.

Türkiyə KİV-i polisdəki mənbəyə istinadla partlayışların mitinq iştirakçılarının mitinq keçirilən yerə doğru hərəkət etdiyi zaman dəmiryol vağzalı rayonunda estakada altında terrorçu-kamikadzelər tərəfindən törədildiyi barədə məlumat yayıb.

Çoxsaylı insan tələfatl ilə nəticələnən terror hadisəsi ilə bağlı Türkiyədə üçgünlük matəm elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana  Ankarada törədilmiş terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: 

"Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Xəbər lenti
0