“Şit verilişlər” yığışdırıldı, bəs sonra?

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidOstankino TV Center in Moscow
Ostankino TV Center in Moscow - Sputnik Azərbaycan
Abunə olmaq
Telekanalara bağlanmış proqramların əvəzinə nə təklif olunur?

“Şit verilişlər” yığışdırıldı, bəs sonra?
“Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq”.

Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O eləcə də qeyd edib ki, yeri gələrsə, bəzi televiziya kanallarından bütövlükdə xilas olacayıq. Azərbaycanda 10 deyil, 6 və ya 7 televiziya kanalı olsun, lakin onlarda Azərbaycanı təmsil edən gözəl verilişlər olsun.

Lakin inkar etmək olmaz ki, baxılma reytinqinə görə “aşağı səviyyəli” verilişlər heç də “aşağı” deyirlər, əksinə onlar bir çox intelektual və milli-mənəvi dəyərləri təbliq edən verilişlərdən daha çox baxılırlar. İqtisadi cəhətdən də onlar kanal üçün daha xeyirlidirlər. Bəs bu verilişlərin və ya ümumiyyətlə kanalların bağlanmasından sonra onlara maraq göstərən əhali nəyə baxacaq? “Şit verilişlərin” əvəzində telekanallar əhaliyə nəsə təklif edə biləcəklərmi? Bu və digər məsələləri aydınlaşdırmağa çalışdıq.

Media eksperti Zeynal Məmmədlinin fikrincə, bu verilişlərin yerinin doldurulmasına hal-hazırda ehtiyac yoxdur, lakin belə ehtiyac yaransa, sənədli filmlər və sosial reklamdan istifadə etmək olar:

“Birincisi, həmən verilişlər biri 10 günlük, biri bir aylıq dayandırılıb, yəni o verilişlər qadağan olunmayıb. Onlar dayandırılıbsa, demək, verilişlərin yerinin doldurulmasına ehtiyac yoxdur. İndi onun içərisində hansı dəyişikliklər edəcəklər – o başqa məsələ. İkincisi də, məsələn, Türkiyə təcrübəsini götürsək, orada bu cür məsələlər olanda, bunun yerini məcburi sosial reklamla doldururlar. Məcburi sosial reklam nədir? Yəni bütün cəmiyyət həyatı üçün önəmli olan məsələlərlə bağlı sənədli filmlər və ya sosial reklam verilir”.

Ekspert onu da əlavə edib ki, telekanallar sosial reklamların hazırlanması və efirə verilməsində maraqlı deyirlər:

“Ümumiyyətlə, sosial reklam məsələsi Azərbaycan televiziyalarında çox ciddi bir problemdir. Bu sosial reklam məsələsini çözmək üçün reklam haqqında qanunda dəyişiklik etmək lazımdır ki, sosial reklam kommersiya reklamından ciddi şəkildə fərqləndirilsin. Yəni sosial reklam da televiziyalarda ayrılan reklam vaxtına daxil edilməsin. Çünki o, reklam vaxtına görə pul qazanır, amma sosial reklamı da o pul qazanma vaxtına – o bir neçə dəqiqəyə daxil edəndə, heç bir televiziya sosial reklamın göstərilməsində maraqlı olmur, deyir ki, ona görə pul verin. Sosial reklam məhs bütün cəmiyyətə ünvanlandığından onu hazırlayanların pul ödəmək qabiliyyəti yoxdur. Əgər bunu dövlət edirsə, o, buna görə əlavə pul ayırmalıdır. Bütün bunların çəkilmə və hazırlanma xərcləri var. Əgər MTRŞ bunu öz boynuna götürür və hazırlayırsa, hazırlatdırıb efirə verirsə, burda da yəqin ki, ayrı-ayrı maddi və filan problemlər üzə çıxacaqdır”.

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları, eləcə də ANS Müstəqil Yayım və Media şirkətlərini məhkəməyə verib. MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib.

Şuranın ANS-i məhkəməyə verməsinə səbəb isə serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsi olub. Məhkəməyə müraciət edən MTRŞ-in hüquqşünasları bildiriblər ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib. MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir. Bununla razılaşmayan ANS bu qurumu məhkəməyə verəcəyini bildirib.

Xəbər lenti
0