Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var

Moscow
Moscow - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bildirirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır

Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var
Sentyabrın 30-u Yekaterinburqdakı Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib.

Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, müxtəlif nazirlik və idarələrin təmsilçiləri, eləcə də rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin regionlararası forumun iştirakçılarına təbrik məktubunu Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxudu.

Təbrikində qeyd edilib ki, ötən illər ərzində Rusiya-Azərbaycan əlaqələri daha da möhkəmlənib. Bu gün ticari-iqtisadi sahədə, sənaye, energetika, elmi-texniki və başqa sahələrdə qarşılıqlı fəaliyyəti möhkəmlətmək üçün hər iki ölkənin bütün zəruri imkanları var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu isə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxudu.

Ə. Həsənov VI Rusiya-Azərbaycan regionlararası forumuna münasibət bildirərkən Avrasiya regionunda Rusiya ilə münasibətlərin Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

“Bu münasibətlərə uyğun olaraq biz bu foruma önəm veririk. Azərbaycan prezidenti İlham Əliyev davamlı olaraq 6 dəfədir ki, Azərbaycan-Rusiya regionlararası forumuna müraciət ünvanlayır və bu müraciətlərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığına mühüm önəm verilir”, — deyə Ə. Həsənov vurğulayıb.

Politoloq İlqar Vəlizadənin fikrincə, ənənə halını alan ikitərəfli forumlar hər iki ölkə üçün önəmlidir:

“Rusiya-Azərbaycan regional forumu artıq ənənəvi formatdır və hər  iki ölkənin gündəliyində mühüm yer almış bir tədbirdir. Bu tədbir Azərbaycanın regionları ilə Rusiyanın regionlarının bir başa əlaqələrinin qurulmasında kifayət qədər vacib rol oynayan bir formatdır. Keçən il Azərbaycanda bu il Rusiayada keçirilmiş forum imkan yaradır ki, Azərbaycandan Rusiyaya kifayət qədər sanballı nümayəndə heyəti gəlsin. Eyni zamanda Rusiya regionlarını təmsil edən nümayəndə heyəti Azərbaycana gəlsinlər burada görüşlər keçirsinlər və konkret məsələlərlə bağlı həmkarları ilə razılıq əldə etsinlər. Beləliklə bu forum əməkdaşlığa imkan yaradır”.

Politoloq Fikrət Sadıxov Rusiya-Azərbaycan münasibətlərinin dərin köklərini ölkələr arasındakı strateji partnyorluqla bağlayır:

“Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var. Biz bunu bilirik, uzun illər ərzində bir dövlət çərçivəsində yaşamışıq, Rus amili Azərbaycanda kifayət qədər güclüdür. Rus bölməsi məktəbləri, teatrlar, qəzetlər, saytlar və s. Təbii ki, bu da strateji partnyorluq münasibətlərinin nəticəsidir”.

Politoloq həmçinin qeyd etdi ki, Rusiyanın Dağlıq Qarabaq məsələsində də mühüm rol oynadığını unutmaq olmaz:

“Rəsmi Bakı çalışır ki, münasibətləri öz maraqları  çərçivəsinə yönəltsin. Çünki, biz yaxşı bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ermənistan demək olar ki, Rusiyanın müttəfiqidir. Təbii ki, biz bundan istifadə etməliyik və bu məsələdə öz güclü diplomatik addımlarımızı atmalıyıq, siyasi prioritetlərimizi güclü şəkildə nümayiş etdirməliyik. Rusiya bir güclü dövlət kimi, Minsk qrupunun həm sədri kimi əgər Azərbaycanla münasibətlərdə maraqlıdırsa, bizim əsas ağrılı problemlərimizin həllində bizə yardımçı olmalıdır”.

İlk Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildə Bakıda keçirilib və ardıcıl olaraq bir dəfə Rusiyada, bir dəfə Azərbaycanda keçirilir. Foruma hər iki ölkənin prezidentləri müraciətlərini ünvanlayır. Bu müraciətlərdə Azərbaycan-Rusiya münasibətlərinin bütün aspektlərinə toxunulur və qiymət verilir. 

Xəbər lenti
0