BAKI, 1 okt – Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Nyu Yorkda ABŞ Dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə əsas gündəm Suriya olub. Bu ölkədə İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ və Rusiya qırıcılarının üz-üzə gəlməməsi üçün koordinasiya qurulacağı açıqlanıb.
İkitərəfli danışıqlardan sonra mətbuata açıqlama verən Lavrov bunları deyib: “hamımız demokratik, bütün etnik və məzhəb qruplarını özündə birləşdirən bir Suriya istəyirik, ancaq bu hədəfə necə çatacağımız barədə fikir ayrılıqlarımız var”
Öz növbəsində ABŞ Dövlət katibi Kerri, rus qırıcıların Suriyada vurduğu hədəflərdən dolayı narahat olduqlarını deyib. Amerikalı rəsmi, Rusiyanın İŞİD-dən daha çox müxalif ordunu hədəf aldığını iddia edib.
“Suriyadakı böhran təcili olaraq həll edilməli və münaqişənin daha da böyüməsinin qarşısı alınmalıdır”, deyə Kerri əlavə edib.