17:42 03 Dekabr 2016
Canlı yayım
Musa Qasımlı

Günahsız insanların qanını İŞİD-in əli ilə axıdırlar

DÜNYA
Qısa URL
25 0 0

Professorun fikrincə, Rusiyanın ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizəyə qoşulması perspektivi real görünmür.

BAKI, 3 iyun — Sputnik. Milli Məclisin deputatı, professor Musa Qasımlı Sputnik-ə müsahibəsində İŞİD, onun dünyada yaratdığı problemlər, böyük dövlətlərin bu prosesdə marağı və iştirak səbəbləri barədə danışıb.

- İŞİD-lə mübarizə niyə bu günə qədər heç bir nəticə vermir? Təəssürat yaranır ki, bəzi ölkələr radikallarla mübarizəni sadəcə olaraq imitasiya edirlər və yaxud problem bu ölkələrin maraqlarının toqquşmasındadır?

— Bu suala cavab vermək üçün bir çox məqamlara aydınlıq gətirilməlidir. Hər şeydən əvvəl, İŞİD-in islam dini ilə heç bir bağlılığı yoxdur. Dinimizdə müqəddəs yerləri, tarixi abidələri dağıtmaq, insan başı kəsmək, vəhşilik və s. kimi qanlı şeylər haqqında bir şey yazılmayıb. Butün bunlar islama ziddir. İslam birgə yaşayış, xoşgörü, sülh, əmin-amanlıq dinidir. İŞİD-in bütün fəaliyyəti islam dinini gözdən salmağa yönəlib. Bu hərəkətləri görən nəinki xristianlar və yəhudilər, həmçinin müsəlmanların özləri islam dininə nifrət edirlər, ondan uzaqlaşırlar. Soruşulur: İŞİD-in ərəb ölkələrindəki dağıdıcı fəaliyyəti, ölkələrin iqtisadiyyatını bərbad hala salması, cəmiyyəti zəiflətməsi hansı dövlətlərin işinə yarayır? Ərəb ölkələri neçə ildən və ya neçə on illiklərdən sonra özlərinə gələ biləcəklər? Gələ biləcəklərsə, hansı dövlətlərin ağır şərtləri altında bu, baş verəcəkdir? Məncə, cavab aydındır. Deməli, İŞİD-in fəaliyyəti regionda maraqları toqquşan bir sıra dövlətlərin siyasətinin təzahürüdür. Qanlı hadisələrin olmasında maraqlı olan dövlətlər bir tərəfdən, islam dinini gözdən salaraq ona nifrət yaradır, digər tərəfdən isə cəbbəxanalarında saxladıqları köhnə silahlarını satır, pullar qazanır, əvəzində müasir silahlar istehsal edərək sınaqdan çıxarır, öz ölkələrində yeni iş yerləri açır, döyüş bölgələrində isə günahsız insanların qanını İŞİD-in əli ilə axıdırlar. Bu vəziyyət nə qədər davam edəcəkdir? Kimsə dəqiq bir müddət söyləyə bilməz. Ancaq indidən bir suala cavab axtarmaq lazımdır: müharibədən sonra hansı ölkələrin daxilində kontonlar və muxtariyyətlər yaradılmasına cəhdlər ediləcəkdir? Hansı ölkələr parçalanacaq və yeni dövlətlər yaradılacaqdır? Tarixi təcrübə göstərir ki, hər bir müharibədən sonra coğrafi-siyasi xəritəyə ya əl gəzdirilir, ya da ona cəhd edilir. İndi köhnə silahlarını satan ölkələr hərbi əməliyyatlar dayandırıldıqdan sonra bu dəfə bərpa işlərini görmək adı altında maliyyə vəsaitlərini qoyacaqlar və region yenidən xarici güclərin nüfuz dairəsində olacaqdır. Bütün bunlar hansı dövlətlərin faydasınadır? Belə vəziyyətin bir səbəbi də islam dünyasında hökm sürən cəhalətlə bağlıdır. Baş verən hadisələrin mənfi təsiri Qərb dünyasından da yan keçməyəcəkdir. Mühacirlərin axını bir neçə il sonra Avropa ölkələrində və ABŞ-da çoxlu sosial, iqtisadi, mədəni və s. problemlər doğuracaqdır. O zaman ictimai rəy həmin ölkələrin idarəçilərinə qarşı yönələcəkdir. 

- Nəticələrin olmamasını Rusiyanı bu kampaniyaya cəlb etmək cəhdi kimi qiymətləndirmək olarmı?

— Rusiya bəyanatlar verərək terrorun və terrorizmin əleyhinə olduğunu bildirib. Lakin indiki Qərb-Rusiya qarşıdurması şəraitində bu ölkənin ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizəyə qoşulması perspektivi real görünmür. Rusiya regionda amansız gedən görünən müharibə pərdəsinin arxasında hansı məqsədlərin dayandığını yaxşı bildiyindən Yaxın, Orta Şərqdə ABŞ-ın bütün hərəkətlərinə qarşı ənənəvi metodları ilə mübarizə aparacaq, xüsusən, Suriyanın Qərbin nüfuz dairəsinə düşməsinə imkan verməməyə çalışacaqdır. Bu məsələdə Rusiyanın tərəfdarları da az deyildir. Deməli, oyun hələ yeni başlayır. 

- İŞİD-lə mübarizə effektiv olmasa hadisələr gələcəkdə necə inkişaf edəcək? İran İŞİD-in onun sərhədlərinə yaxınlaşdığı halda hərbi əməlliyatlara başlayacağı barədə bəyanat verib. Bu halda regionda hərbi fəaliyyət ocağının genişlənməsi baş verə bilərmi, və bu Azərbaycana və Cənubi Qafqaza nəcə təsir edəcək?

— İŞİD-ə qarşı mübarizənin yaxın zamanlarda nəticə verəcəyi real görünmür. Çünki dövlətlərin maraqları bu məsələdə toqquşur. Hətta İŞİD üzərində qələbə qazanılsa da, onun ağır təzahürləri hələ uzun müddət özünü göstərəcəkdir. İranın verdiyi bəyanatların arxasında həmişə güc dayandığından rəsmi Tehranın belə bir addım atacağını gözləmək olar. İran İŞİD-in ölkə daxilinə soxulmasına imkan verməz, hüdudlarını aşar və vurar. Ancaq bu, münaqişə ocağının genişlənməsinə, regionun qan gölünə çevrilməsinə gətirə bilər. İranın bu məsələyə qatılmasında hansı ölkələrin maraqlı olması aydındır. Yaranmış şərait islam dünyasını daha çox bölməyə doğru aparır. Azərbaycana gəldikdə isə, dövlət güclü olduğundan heç bir qüvvə ölkəmizdə sabitliyi poza bilməz. Bununla belə, radikal dini cərəyanları milli təhlükəsizliyimiz üçün təhdid hesab edirəm. 

- Hərbi əməlliyatların genişlənməsi baş versə Türkiyə hansı addımlara əl atacaq? 

— Türkiyə onsuz da dörd tərəfdən “atəş altında olan” bir ölkədir. Ankara sözü və işi bir olan ləyaqətli siyasət yürüdür. Soruşulur: uzaq coğrafiyadan gəlib Yaxın, Orta Şərqdə bu oyunları qızışdırmaqda məqsəd nədir? Hesab edirəm ki, Türkiyə hər hansı bir qonşu dövlətdə, o cümlədən Suriyada rejim dəyişdirmək fikrindən uzaq durmalıdır. Çünki kimin ölkəyə rəhbərlik etməsi xalqın daxili işidir, suveren hüququdur. Digər tərəfdən, Suriyada bir neçə dövlətin maraqları toqquşduğundan bu oyun hələ çox davam edəcəkdir. Ona görə də Türkiyə özünü çıxılmaz bataqlığa və yanar təndirə atmamalıdır. Türkiyə dövləti İŞİD-in ölkə daxilinə girməsinə qarşı sərt tədbirlər görər, suveren hüquqlarını pozan heç bir şeyi cavabsız qoymaz.


Teqlər:
Suriya

Əsas mövzular