06:15 11 Dekabr 2016
Canlı yayım
VİDEO

Mənə bir daha oxu, Ququş

Qısa URL
23910
youtube.com

Ququşun ifasında “Ayrılıq” mahnısını dinləyib o səsin ecazkar təsiri altına düşməmək mümkün deyil.

BAKI, 1 iyun — Sputnik. İnternetdə Rəsul Həmzətovun yaradıcılığına nəzər salarkən onun dünyaca məşhur olan milliyyətcə azərbaycanlı müğənni və aktrisa Ququşa ithaf olunmuş “Spoy mne yeşyo, Ququş” (Mənə bir daha oxu, Ququş) şeirini oxudum.

Bu təəssürat altında qeyri-ixtiyari internetdə onun yaradıcılığına müraciət etdim. Bir neçə mahnısını dinlədim. Düzdür, milliyyətcə azərbaycanlı olsa da, öz repertuarında Azərbaycan dilində mahnılara az yer verib. Buna baxmayaraq, öz ana dilində də bir çox mahnı ifa edib. Onun ifasında “Ayrılıq” mahnısını dinləyib o səsin ecazkar təsiri altına düşməmək mümkün deyil… 

Bir dinləyici kimi növbəti dəfə “Ayrılıq” mahnısının təsiri altında öz xəyali dünyamda var-gəl edirdim. Dinlədiyim parça bitmişdi, amma Ququşun səsinin sehri qalırdı. “Yaşasın Azərbaycan!”, “Mən səni sevirəm Azərbaycan!” sədaları məni ayıltdı. 

Bu səs məni yeniyetmə dövrümə — Ququşun çəkildiyi filmlərin vaxtına apardı. Onun çəkildiyi və bir zamanlar keçmiş SSRİ məkanında, xüsusən də Azərbaycanda məhşur olan “Uzun gecə”, “Bu gecə kimsə ağlayır”, “Bal ayı”, “Mələklərin gecəsi”, “Sübh”,“Gözəlik günahı” kimi filmlər və oradakı rolları xəyalımdan kino lenti kimi keçdi. Yadımdadır, yeniyetmə dövrümüzdə, 1980-cı illərin əvvəlində biz“Uzun gecə” filminə baxmaq üçün hansı əziyyətləri çəkirdik. Çünki bu filmə 16 yaşdan yuxarı olanlara baxmağa icazə verilirdi. Bizsə bir təhər yol tapıb filmi izləmək üçün kinoteatrlara girə bilirdik. Hətta yadımdadı ki, 8-ci sinifdə oxuyanda bizi kənddəki kluba buraxmırdılar və biz, kənd uşaqları klubun pəncərəsinə dırmaşıb bu filmə baxmalı olduq. Bizi burdan qovurdular. Amma biz pəncərədən bir neçə metr aralıda olan ağaca çıxıb o filmi izləməyə çalışdıq. Ququşu dinləyərkən ixtiyarsız olaraq o günlərə qayıtdım…

Onun həyat və yaradıcılığını oxuyarkən gördüm ki, o, bu günlərdə 65 yaşını qeyd edib. Ququşun bioqrafiyasında qeyd olunur: “Ququş (əsl adı Faiqə Atəşin), milliyyətcə azərbaycanlı olan İranın məşhur müğənnisi və aktrisasıdır. XX əsrin 60-70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olub. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanıb.

1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi ilə ailə qurub. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı”  adlandırmışdılar”.

Ququş 1950-ci ilin mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanmənşəli valideynləri İrana Bakıdan köçüblər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşının azlığına baxmayaraq, mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır. 7 yaşından filmlərə çəkilir.

1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J'entends crier je t'aime" mahnılarına görə birinci yeri tutur. Azərbaycanda Rəşid Behbudovun oxuduğu "Ayrılıq" (mus.Əli Səlimi, söz. Rəcəb İbrahimi) mahnısının ifasına görə daha çox tanınır.

Ququş Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan, hətta erməni dillərində mahnılar oxuyub. Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Amma bu firəvan həyat çox çəkməyib. 1979-cu ildə baş verən İslam inqilabı çoxsaylı iranlı kimi bunun da həyatında ciddi dəyişikliyə səbəb olub. Bu ölkədə 30-a yaxın filmə çəkilənQuquşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə İslam inqilabından sonra qadağa qoyulub.Nəinki qadağa qoyulub, hətta onun çəkildiyi filmlər məhv edilib. Buna dözməyən Ququş, mühacirət etmək zorunda qalıb və ölkəni tərk edib.

Ququş 2000-ci ildə Şimali Amerikaya köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun "Qərib-e aşena" ("Tanış özgə") mahnısı BBCtərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.

Ququş üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu var.

Mühacir həyatı yaşamasına baxmayaraq, o,İranda baş verən  siyasi preoseslərə biganə qalmayıb və öz mövqeyini bildirib. Beləliklə,Ququş təkcə sənətdədeyil, siyasi proseslərdə də fəal iştirak edib. 

Belə ki, Ququş 2009-cu ilin iyun ayında İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bildirib.

Aclıq aksiyası üç gün – iyulun 22-dən 24-dək davam edib və bu aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısı olub. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz ediblər.

Ququşo zaman öz bəyanatında bildirib ki, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: "Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik".

Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: "Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam".

Hazırda ABŞ-da yaşayan Ququş bu ölkədə mahnılar ifa edir və müxtəlif filmlərə çəkilir.

Mürtəza Bünyadlı, araşdırmaçı-jurnalist

Əsas mövzular