10:01 08 Dekabr 2016
Canlı yayım
Elşad Vəliyev - pedaqoq

Şou proqramların aparıcıları tamadalara bənzəyirlər

sputnik.az
MÖVZULAR
Qısa URL
148 0 0

Elşad Vəliyev: Heç bir media rəhbərinin, insanların zövqünü korlamağa, ya da qeyri-ciddi təbəqənin istək və arzularını 9 milyona sırımağa haqqı yoxdur.

BAKI, 24 iyun – Sputnik. Son bir neçə ildir ki, həm telekanallarda, həm də mətbu orqanlarda bayağı xəbərlər, bayağı musiqilər və s. dəfələrlə sərt tənqid olunsa da bunun qarşısını almaq mümkün olmayıb. 

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan oxucularının əksəriyyəti qeyri-ciddi və bayağı xəbərlərə daha çox meyl edir. Bir çox xəbər portalları öz səhifələrində açıq-saçıq pozalarla dolu məlumatlar paylaşaraq, özləri üçün oxucu kontingenti formalaşdırır. 

Bu cür xəbərləri yalnız qeyri-ciddi təbəqəyə aid şəxslərin oxuduğu məlum məsələdir. Lakin bunun getdikcə kütləvi hal alması ziyalı təbəqəni ciddi narahat edir. 

Elə media qurumları var ki, gün ərzində yayımladıqları hər hansı proqramda bayağılıq sərt şəkildə qınanır, lakin proqram bitdikdən sonra qeyri-ciddi, lazımsız, şit mövzular və zövqsüz musiqilər təbliğ olunur. Bu da işin gülünc tərəfidir. 

Bəzi ekspertlər vəziyyətdən çıxış yolunu ictimai qınaq mühitinin formalaşmasında görür. Onlar cəmiyyətdə maarrifləndirmə işlərinin aparılmasını təklif edirlər. 

Pedaqoq Elşad Vəliyev Sputnik-ə müsahibəsində oxucu kütləsinin bayağılığa meyl etməsini təəssüflə qeyd edib. O, xəbər portallarını məsuliyyətli olmağa çağırıb.

“Çox təəssüflə bildirməliyəm ki, son dövrlər bizim insanlarımızı daha çox qeyri-ciddi məlumatlar maraqlandırır. Hər hansı müğənninin ərindən boşanması xəbəri, dünyada və bölgəmizdə baş verənlərdən daha maraqlıdır oxucular üçün. Bütün bu problemin kökündə məktəb və universitetlərdə bayağılıqla bağlı diskusiyaların keçirilməməsidir. O da savadsız və dünyagörüşü zəif olan müəllimlərin çoxluğundandır” deyə pedaqoq əlavə edib.

Xüsusilə televiziya kanalları öz reytinqlərini, qazanc mənbələrini qeyri-ciddi auditoriya üzərində qurublar. Şou proqram aparıcıları şoumen-dən daha çox tamadalara bənzəyir. Elə onların “şou”suna gələnlər də sənətçi yox, toy müğənniləridir. 

Televiziyalardakı biabırçı vəziyyəti şərh edən Elşad Vəliyev, proqramların şit olmasını reklam şirkətləri və media rəhbərləri ilə əlaqələndirib.

“Reklam şirkətləri, zövqsüz təbəqənin çoxluğundan istifadə edir və ancaq bu cür səviyyəsiz şou-proqramlara pul ayırır. Media rəhbərləri də ancaq reklamdan pul qazandıqları üçün bayağılığa göz yumur” deyə pedoqoq Elşad Vəliyev bildirib.

Pedaqoqun fikrincə, heç bir media rəhbərinin, insanların zövqünü korlamağa, ya da qeyri-ciddi təbəqənin istək və arzularını 9 milyona sırımağa haqqı yoxdur.


Əsas mövzular