06:12 11 Dekabr 2016
Canlı yayım
Toy

Devalvasiya toy, nişan, ad günlərindəki izafi xərclərə təsir etməyib

sputnik.az
MÖVZULAR
Qısa URL
6001

Elşad Vəliyev: Azərbaycanlılar devalvasiya şəraitində maliyyə resurslarına qənaət etmək əvəzinə izafi xərcləri artırırlar, çünki cəmiyyətin üst qatındakı şəxslər özləri toy biznesinin çiçəklənməsində maraqlıdırlar.

BAKI, 18 iyun – Sputnik. İstər ölkəmizdə, istərsə də dünyanın hər yerində pul qazanmağın asan olmadığını hər kəs bilir. Bura qlobal iqtisadi böhranı da əlavə etsək, maddi qazanc əldə etməyin olduqca əziyyətli işə çevrildiyini görmək mümkündür. Artıq dövlət özü də etiraf edir ki, dünyada gedən proseslər normal olaraq Azərbaycana da təsirsiz ötüşmür. Təkcə manatın devalvasiyasını buna misal göstərmək kifayətdir.

Xaricdə, əsasən də qərb ölkələrində insanlar bu çətin dövrü asan keçə bilmək üçün izafi xərclərə yer verməməyə çalışırlar.

Bizdə isə tamamilə əksidir. Əlavə və yersiz xərclər getdikcə daha da çoxalır.

Məsələn, əgər əvvəllər insanlar toyxanalara sadəcə toy üçün gedirdilərsə, artıq ad günləri, nişan və başqa xırda mərasimlər üçün də toyxanalara getmək məcburiyyətində qalırlar. Bu isə qonaqların həm cibinə, həm də əsəb sisteminə ciddi təsir göstərir.

İndi insanlar dəvətnamə alanda nəinki sevinir, hətta kədərlənirlər. Çünki ay ərzində zülmlə qazandıqları pulları öz əlləri ilə aparıb başqalarının, ən çoxu da şadlıq saraylarının büdcəsinə atırlar.

Çox nadir hallarda rastlaşan, aralarında salam-sağoldan başqa heç nə olmayan insanların bir-birinə dəvətnamə paylaması anormal olduğu qədər də qeyri-səmimidir və məqsədlidir.

Məşhur pedaqoq Elşad Vəliyev Sputnik-ə açıqlamasında bu cür neqativ halların qarşısını almaq üçün ictimai qınağın əsas olduğunu deyib. Onun fikrincə, azərbaycanlılar devalvasiya şəraitində maliyyə resurslarına qənaət etmək əvəzinə izafi xərcləri artırırlar, çünki cəmiyyətin üst qatındakı şəxslər özləri toy biznesinin çiçəklənməsində maraqlıdırlar.

“İctimai qınağın formalaşması mütləqdir. Bununla bağlı ilk addımı varlılar, ziyalılar atmalıdır. Çünki belə insanlar cəmiyyətin düşüncə tərzinə birbaşa təsir edə bilirlər. Lakin indiyə qədər bu addımlar atılmayıb. Ona görə ki, cəmiyyətin üst qatında olan insanların, varlıların çoxu məhz toy biznesi ilə məşğuldurlar. Deməli, ümid ancaq xaricdə təhsil almış, dünyagörüşü geniş olan, dünyada toy, nişan tipli mərasimlərə böyük pulların xərcləmədiyi həyatı görmüş həmvətənlərimizə qalır” — deyə Elşad Vəliyev bildirib.

Yersiz yerə israf edilən pulları daha xeyirli işlərə sərf etmək olar. Məsələn, o pullarla çoxlu kitablar alına bilər. Valideynlər öz uşaqlarını teatra, kinoya apara bilər. Bununla da cəmiyyətdə sosial həyat imici formalaşar, bu da mədəniyyətin daha da inkişaf etməsinə təkan verər. Bundan başqa, həmin pulları öz sağlamlığımız üçün də xərcləyə bilərik. Həyatın sərt qanunlarını nəzərə alıb, həkimlərə və dərmanlara xərcləməyə də pul saxlamalıyıq. 

Əsas mövzular