23:15 09 Dekabr 2016
Canlı yayım
Bundestaq

Bundestaq qalmaqalı böyüyür

bundestag.de
MÖVZULAR
Qısa URL
115 0 0

Deputatlar Azərbaycan hökumətini bu yaxında Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməməyə çağırıb

BAKI, 13 iyun – Sputnik. Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatları Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də qəbul etdiyi qətnamə ilə əlaqədar MM-in beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında bəyanat qəbul ediblər. Bəyanatda Bundestaqın Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz öz əksini tapıb. Burada qeyd olunub ki, sözügedən bəyanat Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəddir. Odur ki, MM “ölkəmizə qarşı bu kinli və pis niyyətli aksiyanı qətiyyən qəbul etmir”. 

Deputatlar son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniyanın həyata keçirildiyini qeyd ediblər. “Bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış “Ştrasser məsələsi”nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır.” – deyə bəyanatda bildirilir. 

Azərbaycan parlamenti bir daha bəyan edib ki, heç bir qarayaxma aksiyası və ya aksiyaları Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik dövlət quruculuğu yolundan döndərə bilməz. Bu yolda qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan demokratik dəyərlərə sadiqdir və sadiq olaraq qalacaq.

Bəyanatda həmçinin deyilir: “Ayrı-ayrı şəxslərin, o cümlədən hüquq müdafiəçilərinin, vəkillərin, jurnalistlərin, bloggerlərin və digərlərinin konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb edilməsini insan hüquqlarının mütəmadi surətdə pozulması hesab etməyi qeyri-obyektiv və birtərəfli yanaşmanın bariz nümunəsi kimi qiymətləndiririk.

Almaniyanın özündə də hər hansı başqa qurumlar, o cümlədən icra strukturları məhkəmələrə cinayət törətmiş şəxsləri azad etmək və ya məsuliyyətə cəlb etməmək barəsində göstəriş verə bilməz. Bu, hər bir hüquqi dövlətin təməl prinsipidir.

Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi var. Ölkəmizdə müəyyən edilmiş məhkəmə prosedurları məhkəmə qərarları ilə razı olmayan şəxslərin Avropa Məhkəməsinə müraciət etməsinə təminat verir.

Bu gün Azərbaycanda siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, bütün qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək verilir və onların normal fəaliyyətinə lazımi şərait yaradılıb.

Azərbaycanda dini icmaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb.

Almaniya Bundestaqının qətnaməsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunduğu faktı etiraf edilsə də, Almaniya dövlətinin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü kimi heç bir əməli tədbir görməməsi, hətta Avropanın bir sıra dövlətləri sırasında təcavüzkarı öz adı ilə çağırmaqdan imtina etməsi onun Azərbaycan barəsində qeyri-səmimi mövqedə dayandığını göstərir.

Bütün bunları nəzərə alaraq, biz Azərbaycan hökumətinə müraciət edirik ki, Almaniya Bundestaqının 2015-ci il 12 iyun tarixli qətnaməsindən müvafiq nəticələr çıxarsın, ilk addım olaraq, bu yaxınlarda Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməsin.”

Sputnik Azərtac-a istinadən bildirir ki, Bundestaqda Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar Almaniyanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Bundestaqın qəbul etdiyi qərarla bağlı qəti etiraz bildirilib. 

Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, belə bir qətnamənin qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qaralamaq xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır, Avropayla əlaqələrə xüsusi əhəmiyyət və töhfə verən Azərbaycan üçün təəssüf doğuran və qəbuledilməz hesabdır.

“Bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət bu qətnamənin qəbul edilməsinin təşəbbüsçüsü olan və buna dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür.” – deyə Xələf Xələfov bildirib.  XİN müavini Azərbaycanın Avropa ilə münasibətlərin inkişafına danılmaz töhfə verdiyini qeyd edərək, bu istiqamətdə səylərin qarşılıqlı olmasının vacibliyini bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin vacib rol oynadığını qeyd edib. Həmçinin Azərbaycanın Avropa xalqları arasında dostluq və tolerantlıq mühitinin möhkəmlənməsində mühüm rol oynayacaq Avropa Oyunlarının birincisinə ev sahibliyi etdiyini vurğulayıb. Nazir müavini Azərbaycanın həm də beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində Avropa ilə sıx əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanın tərəfdaşlıq münasibətlərinin təşviq edilməsinə yönəlmiş siyasi xəttinə qarşı bir sıra Avropa dövlətləri, o cümlədən Almaniya tərəfindən nümayiş etdirilən qərəzli davranışın ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.

 

Teqlər:
Almaniya

Əsas mövzular