10:45 03 Dekabr 2016
Canlı yayım
Cəmşid Naxçıvanski adına hərbi lisey

Naxçıvanski adına Hərbi Liseydə məzunların 43-cü buraxılışı olub

arxiv.az
MÖVZULAR
Qısa URL
121 0 0

General-mayor Mirzə Almasov: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Azərbaycan Silahlı Qüvvələrinə yüksək ixtisaslı milli zabit kadrların hazırlanmasında əvəzsiz xidmətləri var.

BAKI, 8 iyun — Sputnik. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 43-cü buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra meydanına gətirilib.

Sonra ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.

Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov tədbirdə çıxış edərək məzunları buraxılış günü münasibətilə təbrik edib. Bildirib ki, məzunların buraxılış günü hərbi liseyin həyatında yaddaqalan günlərdən biridir. Əsası 1971-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Azərbaycan Silahlı Qüvvələrinə yüksək ixtisaslı milli zabit kadrların hazırlanmasında əvəzsiz xidmətləri vardır. Silahlı Qüvvələr, eləcə də hərbi lisey ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət və qayğısını hiss edir. Bunun nəticəsidir ki, hərbi lisey müasir təlim və tədris vasitələri ilə təmin olunub. Burada təlim və tədris prosesi gündən-günə təkmilləşir və inkişaf edir, kursantların bilik səviyyəsi artır. Liseydə tədris müasir tələblərə cavab verir. Biz liseydə hərbi təhsil sisteminin təkmilləşdirilməsini bundan sonra da davam etdirəcəyik. Burada Silahlı Qüvvələr üçün vətənpərvər kadrların hazırlanması istiqamətində hər cür şərait var.

General-mayor Mirzə Almasov qeyd edib ki, liseyin keçmiş məzunları arasında Vətən torpaqları uğrunda canlarından keçərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülənlər, ali hərbi rütbələrə qədər yüksələnlər var. İnanırıq ki, məhz hazırkı məzunların sıralarından da Silahlı Qüvvələrin generalları yetişəcəklər. Məzunlar doğma hərbi liseyin, dövlətin və millətin adını daim uca tutacaqlar. O, üç il ərzində yüksək səviyyədə orta ixtisaslaşmış hərbi təhsil alan kursantların gələcəkdə Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artmasına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Hərbi liseyin müəllimləri və kursantların valideynləri əlamətdar gün münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb, Vətənin keşiyində ayıq-sayıq durmağı, uzun ömür, cansağlığı arzu ediblər.

Bu günün həyatlarının ən əlamətdar və sevincli anlarından biri olduğunu bildirən kursantlar hərbi sirləri öyrənməkdə onlara yol, diqqət və qayğıya göstərən və yardımçı olan hərbi lisey rəhbərliyinə, zabit heyətinə və müəllimlərə minnətdarlıqlarını çatdırıblar.

Mərasimdə tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara attestat, döş nişanları və məzun albomları təqdim olunub.

Sonra hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov onlara təbriklərini çatdırıb və şərəfli yolda uğurlar arzulayıb.

Mərasimdə məzunlar adından yaş kötüyünə 43-cü buraxılışın rəmzi xatirə lövhəsi vurulub, liseyin döyüş bayrağının təhvil-təslimi və “Naxçıvanskilər” marşı ifa olunub.

Sonra kursantların təntənəli marşla keçidi olub və hərbi liseyin döyüş bayrağı aparılıb, son zəng çalınıb.

Əsas mövzular