02:26 05 Dekabr 2016
Canlı yayım
Azad insan

Bütün cərəyanların fövqündə

© Foto: humansarefree.com
SİYASƏT
Qısa URL
Azər RƏŞİDOĞLU
36 0 0

Radikal cərəyanlar yalnız aralıq müddətə populyar olur. Sabitlik dövründə isə heç kəs onları yada salmır.

BAKI, 19 okt — Sputnik. Sosial böhranlar dövründə solçu və dinçi təşkilatların elektoratı genişlənir və liberal-demokratik dəyərlər etibarlılığını itirir. Bu gün də bir çoxları yenidən ideal saydıqları sovet kecmişinə qayıtmağı arzu edirlər. Maraqlısı odur ki, bu sərsəm fikirlər indi çoxlarına hakim kəsilib.

Söhbət, əslində hamının bildiyi həqiqətlərdən də getmir. Məsələ azadlıq və insan haqlarınin hədəf seçilməsindədir. "Azadlıq" sözünün özu də kimlərdəsə ikrah hissi doğurur. Azərbaycanın tarixinə nəzər saldıqda görərik ki, insanlar özləri məsuliyyət daşımaq əvəzinə, məsuliyyəti hansısa XİLASKARın uzərinə atmağa və onun tərəfindən idarə olunmağa üstünluk verirlər. Yəni — "O, mənim əvəzimə düşünür, mənim əvəzimə çalışır və mənim problemlərimə daha yaxşı bələddirsə, mənə nə ehtiyyac var?".

Bu cür yanaşma əsrlər boyu zehnimizi və qəlbimizi zəbt etdi. Belə cəfəngiyyatdan qurtulmaq zamanı çatmayıbmı? Azadlıq çətin məhfumdur və heç də hər kəsə onu dadmaq nəsib olmur. İnsanları azadlığa səsləyənlər özləri azad olmalıdırlar. İnsanları azadlıq uğrunda mubarizəyə səsləyən LİBERALİZMİN əsas dayaq nöqtəsi daha çox insan özgürlüyüdür.

Hər cür diktaturadan liberal dəyərlərin fərqi də, məhz bundadır. Liberallar heç kəsi "bunu yaz, buna isə toxunma" deyə məcbur etmir, satirik şerlərinə görə şairi edam etmir, hec kimi onlar kimi düşünməyə vadar etmirlər. Əslində, liberalizm istənilən ideologiyadan güclüdür.

Digər rejimlər — solçu və digərləri insanları repressiya ilə qorxudur, onları əzir, məhv edir və fərqli düşünənlərə divan tutur. Bu cür siyasi sistemlər, eyni zamanda vətəndaşları total nəzarətə götürür, mənəvi, siyasi, iqtisadi və sosial azadlıqlara nifrət edir. Bütün bu səbəblərə görə də, məhz liberalizm hədəfdədir.

Tarixən cəmiyyətlər iki qutbə bölünüb — azadlıqsevərlər və ona nifrət edənlər. Məsələn, Yaxın Şərqdə hansı içkini sevdiyini, hansı musiqiyə qulaq asmaq lazım olduğunu sənin yerinə XİLASKAR müəyyən edir. Ancaq XİLASKAR vətəndaşın necə xoşbəxt ola biləcəyini və hansı dünyagörüşünün onu qane etdiyini onun özündən daha yaxşı bilir.

Bundan fərqli olaraq, liberallar isə hər sahədə İNSAN amilinə üstünlük verirlər. Liberallar kiminsə köləsi olmaq istəmirlər. Onlar Allahın onlara verdiyi hüquqlar uğrunda mubarizə aparırlar. Təsadüfi deyil ki, liberal Qərb fəlsəfəsi iki toxunulmaz dəyər üzərində formalaşib: ALLAH və MƏNİM hüququm.

Hazırda liberalizm cərəyanının görkəmli daşıyıcıları bu prinsiplərin bütün cəmiyyətlərdə hakim olmasını məqsəd hesab edirlər. Bir sözlə, liberalizm despotizmdən müdafiə silahıdır.

Avtokratiya, yoxsa azadlıq? Seçim sadədir. Əlbəttə, liberalizmi də tənqid etmək lazımdır. Liberalizm tənqidə dözümlüdür. Ancaq maraqlıdır, liberalları tənqid edənlər özləri tənqidə dözə bilirlərmi? Yəqin ki, ritorik sualdır.

Son olaraq, liberalizm cərəyanının üzərində israr etdiyi məqamlardan birinə diqqət çəkmək maraqlı olardı: insanın TƏBİİ HÜQUQLARI.

Əslində, hər kəsin dünyaya gəldiyi andan təbii və konstitusion hüquqlara malik olmasi heç kəsə sirr deyil. Qeyri-liberal siyasi sistemə malik olan rejimlər, sadəcə vətəndaşın konstitusion hüquqlarını təmin etməklə işlərini bitmiş hesab edir. Lakin əsl məqsəd təbii hüquqların tanınması və təmin olunmasıdır.

Məhz bu problemin də bayraqdarları liberallardır. Yəqin ki, elə bu səbəbdən də, liberal düşüncə tərzi öz azadlıq vurğunluğu ilə digər cərəyanlardan yuxarıda dayanır.

Azərbaycanın da seçimi məhz libberalizmlə bağlıdır. Azad bazar və insan haqları prizmasından yanaşdıqda, ölkənin gələcək inkişaf tempini müəyyən etmək mümkündür. Radikal cərəyanlar yalnız aralıq müddətə populyar olur. Sabitlik dövründə isə heç kəs onları yada salmır…

Əlaqədar

Klassik siyasətin iflası
Yeni siyasi eskiz layihə
Təhlükəli tendensiya
Dəniz gəzmişlərin yoxluğu
Azərbaycanı müstəmləkəyə çevirmək istəmiriksə...
Teqlər:
liberalizm, dəyər, sosial böhran, liberal, ideologiya, azadlıq, demokratiya

Əsas mövzular