SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə İsmayıl Qəhrəman dövlətlərin qardaşlığından danışdılar

© AzərtacAzərbaycan prezidenti İlham Əliyev və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı ölkələr tapmaq çox çətindir.

BAKI, 22 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, İlham Əliyev 1 noyabrda Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə Qəhrəmanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu ifadə edib. Dekabrın əvvəlində Türkiyə baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırladan Əliyev bunun gözəl ənənə olduğunu deyib. O, Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçiləndən sonra ilk səfərini Azərbaycana, özünün də 2013-cü ildə prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini xatırladıb. Əliyev bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirib.

İsmayıl Qəhrəman - TBMM-in sədri - Sputnik Azərbaycan
TBMM-in sədri Azərbaycana gəlir

"Dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri böyük sınaqlardan çıxıb" — deyə Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün ölkələrimiz bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da güclənirlər. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd edib.

Türkiyənin G20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirib və Azərbaycanla Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu deyib. O, həmçinin iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu, bunun həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib.

Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlət başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu qeyd edib. Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.

İ. Qəhrəman isə Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayaraq "Bir millət, iki dövlət" fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu deyib. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğulayıb. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İ. Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğulayıb. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İ. Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söyləyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0